Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gedib.
Eyni gündə Prezident İlham Əliyevin Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Görüş zamanı Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının martın 16-da Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib.
Görüşdə Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Ankarada Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıblar.
Prezidentlər görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını da müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Səfəri "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, geopolitik ziddiyyətlərin kəsişdiyi dövrdə, həm Azərbaycan və Türkiyə rəhbərliyin vaxtaşırı görüşməsi, həm də TDT-nin inkişaf etməsi çox vacibdir:
"Çünki regional təhlükələr artır və bu təhlükələrə qarşı yalnız mübarizə aparmaq getdikcə çətinləşir. Ona görə də fəaliyyətləri və hərbi-iqtisadi, siyasi imkanları birlikdə kordinasiya etmək lazımdır. Buna görə də görüşün əhəmiyyəti yüksəkdir. Həmçinin Almaniyada danışılan məsələlərin yenidən Türkiyə ilə müzakirə olunması mümkündür. Çünki Azərbaycan Türkiyəni əsas müttəfiqi kimi qəbul edir və bütün xarici siyasi məsələləri onunla müzakirəyə etməyə açıqdır. Nəzərə alsaq ki, son günlərdə xüsusi bir səfər sıxlığı müşahidə olunur.
ABŞ-ın nümayəndələri və Lavrovun səfəri ilə yanaşı, ölkə başçımızın Almaniyaya getməsini də üst-üstə gəlsək, hiss olunur ki, rəsmi Bakı həm Avropa, həm də Qərb ilə aktiv xarici siyasətə qədəm qoyub. Xüsusilə bölgədə regional və qlobal güclərin maraqlarının artdığı bir dövrdə Türkiyə ilə müzakirə olunacaq məsələlər çoxdur.
Burada Zəngəzur dəhlizi, ABŞ-ın bölgəyə artan marağı, Almaniya ilə münasibətlər və İran kimi dövlətlərin yaratmağı istədiyi təxribatlara qarşı kordinasiya da müzakirə edilə bilər".