Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfrans başa çatıb. Konfransın yekunlarına dair bəyannamə qəbul edilib. Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İşğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub. Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb.
Konfransın önəmini dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Sherg.az"a bildirib ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin heç 25 faizi belə doğru çıxmayıb:
"Sabah da onların düzgün xəritə verəcəkləri şübhə altındadır. Hətta sülh müqaviləsindən sonra belə Ermənistan tərəfinin humanist addım atacağını düşünmürəm. Çünki onların bizə qarşı xain xisləti var. Ümumiyyətlə biz hələ mina təhlükəsindən uzun müddət əziyyət çəkəcəyik. Vəziyyətdən çıxış yolu isə, daha çox maliyyə ayrılaraq, daha peşəkar heyətlərin cəlb edilməsidir. Xüsusən də Böyük Britaniyadan mina təmizləyən kadrların bölgəyə cəlb edilməsini istəməliyik. Düşünün ki, ikinci dünya müharibəsindən 78 il keçməsinə baxmayaraq, hələ də Almaniya və Rusiyada partlamamış silah sursat aşkarlanır. Biz prosesdə daha diqqətli olmalıyıq, beynəlxalq aləmdəki professional heyyətlərdən dəstək istəməliyik".
Ekspert əlavə edib ki, qardaş Türkiyədən alınan mina təmizləmək üçün olan xüsusi texnikalar bu prosesdə həyati əhəmiyyət daşıyar:
"Bilirsiz ki, insan olmadan həmin maşınlar vasitəsilə minalar partladılır. Bu isə canlı qüvvənin təhlükəsizliyi üçün təqdirəlayiq haldır. Ümumiyyətlə isə, bu konfransın Azərbaycanda keçirilməsi çox önəmlidir. Çünki bizim əziyyət çəkməyimizə baxmayaraq, qarşı tərəfin heç bir humanitar addım atmadığını dünyaya çatdırmalıyıq. Hətta onlar bizi emənifobiyada günahlandırırlar, ancaq özləri sülhə yaxınlaşmır. Bunu isə bütün beynəlxalq təşkilatlar bilməlidir. Yəni Ermənistanın müharibənin bitməsinə baxmayaraq, hələ də azad edilən ərazilərə kəşfiyyat tipli qruplar göndərərək mina quraşdırmaqla məşğul olduğunu və mülki əhalini qətlə yetirdiyini təbliğ etməliyik".