Amma Putin başqa yolunun olmadığını anlayanda bu addıma gedəcək
Bir neçə gün öncə Ukraynanın Rusiyanın nəzarətinə keçmiş Nova Kaxovka su anbarında partlayış törədilib. “Reuters”in yaydığı xəbərə görə, partlayışdan sonra su bəndin divarlarından ətraf ərazilərə axmağa başlayıb.
Sosial mediada yayılan videolarda bənd ətrafında şiddətli partlayışların baş verdiyi, suyun bəndin divarları arasından ətrafa axdığı görünür. 30 metr hündürlüyündə və 3,2 kilometr uzunluğundakı bənd Kaxovka su elektrik stansiyasının bir hissəsi kimi 1956-cı ildə Dnepr çayı üzərində yaradılıb. Su anbarı eyni zamanda Krım yarımadasını və Zaporoje AES-i su ilə təmin edir.
Hadisəni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının vurulması Rusiyanın çətin vəziyyətdə olduğunu göstərir:
"Bu hadisə ilə paralel olaraq Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynanın əks-hücum əməliyyatlarının başladığını təsdiqlədi. Bu isə Kremlin dalana dirəndiyini göstəricisidir. Yeganə səbəb isə Ukrayna silahlı qüvvələrinin uğurlu əks-hücum əməliyyatları deyil. İkinci səbəb "Vaqner" muzdlu hərbi təşkilatı ilə, Rusiya müdafiə nazirliyi arasındakı ziddiyyət və hərbi-siyasi elitada kı xaosdur. Görünür ki, rəsmi Moskva vahid komandanlığı təşkil edə bilmir. Digər tərəfdən Dmitri Medvedev bir neçə dəfə nüvə silahı barəsində xəbərdarlıq edib. Hətta Şoyqu da bildirib ki, biz təhlükəsizliyimiz üçün nüvədən istifadə etməyə hazırıq. Həmçinin bir müddət əvvəl Belarusa nüvə silahları yerləşdirilib".
Analitikin sözlərinə görə, nüvə silahı tədbiq oluna bilər:
"Dəfələrlə demişəm ki, hər ötən gün nüvə müharibəsi ehtimalı artır. Amma Putin buna başqa yolunun olmadığını anlayanda gedəcək. Məsələn tapancanda bir güllə var, üstünə isə avtomatla gəlirlər və sən bunu görüb son gülləni öz başına çaxırsan. Yəni Putinin nüvə silahına əl atması son anda gülləni öz başına çaxmasıdır. Rusiya Prezidentində isə bu xarakter var. Yəni dominantdır və təslim olmağı sevmir".
K.Novruzov əlavə edib ki, Ukraynaya nüvə zərbəsi endirilərsə, Qərbin alternativ cavab verməsi qaçınılmazıdr:
"Düşünürəm ki, bəlkə də Qərb Putini məhz nüvədən istifadəyə təhrik edir. Kremlin rəhbəri isə nüvə silahını tətbiq etməzdən əvvəl, digər alternativ üsullardan istifadə etməyə çalışır. Məsələn Ukraynadakı əməliyyatlara 4-5 ay öncə "cənab Armageddon" ləqəbli Sergey Sorokin təyin olundu. O isə çox qəddar generaldır və gəldikdən sonra Ukraynaya raket hücumları intensivləşdi. Mən həmin vaxt da qeyd etmişdim ki, Sorokin Putinin nüvə silahına alternatividir. Ancaq görünür ki, Ukrayna xalqının əzmini qırmaq istəyi də uğursuz oldu və Putin daha qəddar yollara əl atacaq. Bu mənada taktiki nüvə silahının tədbiqi mümkündür. Bununla Rusiya rəhbəri öz ciddiliyini göstərməyə çalışacaq".