Rusiya sülhməramlılarının Xankəndini mühasirəyə aldığına dair məlumatlar yayılıb.
Erməni mənbələrin yaydığı məlumata görə, sülhməramlılar ermənilərin Qarabağdan çıxışına maneə törədir. Bu məqsədlə Xankəndidən Ermənistana gedən yolda nəzarət gücləndirilib.
Bunu hətta erməni ekspertlər də etiraf ediblər. Erməni ictimai xadim Mikael Ayrapetyan bildirib ki, Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqazda mövcudluğunun əsas nöqtəsidir.
“Ona görə də Rusiya problemin həllini istəmir. Rusiya Qarabağı mühasirədə saxlayır ki, erməni əhalisi getməsin”, - o deyib.
Məlumatlara görə, son 5 gündə 100-dən çox erməni Laçın postundan istifadə etməklə Ermənistana köçüb. Yaxın günlərdə köçənlərin sayının daha da çoxalacağı gözlənilir. Bir neçə gündə bu qədər adamın bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlıları hərəkətə keçib və ermənilərin çıxışına problemlər yaradılır.
Rusiyanın əsas məqsədinin hər zaman Qarabağı tərk etmiş erməniləri yenidən ora qaytarmaq olduğunu deyən siyasi şərhçi
Asif Nərimanlı "Sherg.az"a vurğulayıb ki, bu istiqamətdə bəlli işlər görülür:
"Hətta sülhməramlılar missiyasını kənara qoyaraq, ermənilərin geri dönüşü üçün avtobuslar təşkil edirdilər və onlara sosial müavinətlər barəsində vədlər verirdilər. Nəticə etibarilə də onların rəsmi məlumatına görə, iki minə yaxın erməni Qarabağa gətirildi. Halbuki bu real rəqəm deyildi və təxminən 25-30 min arası erməni köçürüldü. Digər tərəfdən isə Rusiyanın bölgədəki mövcudluğu erməni əhalisindən aslıdır. Bu səbəblə də onların azalması Kremlin maraqlarına ziddir. İndiki situasiyada vəziyyət dəyişib. Çünki Azərbaycan Laçında nəzarət buraxılış məntəqəsi qurdu. Bununla da Qarabağdakı qondarma rejimin mövcudluğu məsələsi sual altına düşdü. İndi isə Qarabağda yaşayan erməni əhalisi üçün iki seçim var. Ya onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da ərazilərimizi tərk etməlidir. Rəsmi Bakı hər iki qərara hörmət edir və köçə şərait yaradır".
Analitik əlavə edib ki, Qarabağda Azərbaycan idarə üsulunun bərpasına və qondarma rejimin ləğvinə az qalıb:
"Paşinyan da Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını bildirdi. Digər tərəfdən Azərbaycan Prezidenti amnitsiya mövzusunu gündəmə gətirdi və bu beynəlxalq arenada dəstəklə qarşılandı. Ona görə də Qarabağdakı erməni əhali iki yolunun olduğunu artıq dərk edir. Digər tərəfdən rusların və separatçıların köçün qarşısın alması, müəyyən bir etiraz kütləsi formalaşdırdı. Yəqin son 5 gündə 100-ə yaxın erməninin bölgədən çıxması böyük narahatçılıq doğurub. Yəni onlar daha kütləvi köçün ola biləcəyini anladı. Bu konteksdə maneənin yaradılması isə gözlənilən idi. Hətta qarşıdakı dövrdə seperatçıların və rus sülhməramlılarının köçün qarşını almaq üçün atacağı addımlar sərtləşə bilər".