"Artıq vəziyyət elə bir yerə çatıb ki, bu gün sülh bizdən çox Ermənistana lazımdır"
Ermənistanla Azərbaycan arasında münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə də mühüm töhfə verəcək.
Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibli ilk iclasının nəticələrinə dair bəyanatda deyilir.
Həmçinin Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə edilib.
Məsələyə münasibət bildirən siyasi şərhçi, MAMM Türküstan Araşdırmalar Departamentinin direktoru Rusif Məmmədsoy "Sherg.az"a söyləyib ki, bu gün Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı görüşlər intensiv hall alıb:
"Son olaraq Vaşinqton, Brüssel, Kişneu görüşlərinin keçirilməsi, eyni zamanda Nikol Paşinyanın parlamentdə şifahi şəkildə olsa belə, yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə bağlı anonslar verməsi gələcək üçün ümidverici amillərdəndir. Ancaq bu bəyanatların şifahi yox, yazılı olması bizim üçün daha arzuolunandır. Artıq vəziyyət elə bir yerə çatıb ki, bu gün sülh bizdən çox Ermənistana lazımdır. Çünki biz yazılı öhdəlik istəyirik. Yəni sülh müqaviləsi imzalanması və rəsmi İrəvan üzərinə düşənləri yerinə yetirməsi rəsmi Bakının əsas prinsipidir. Ermənistanın əsas öhdəliyi isə Qarabağda olan qanunsuz silahlı birləşmələri ərazilərimizdən çıxarmaqdır:
Analitik əlavə edib ki, əks halda cənab Prezidentin də Laçında dediyi kimi, əks halda onların başında yenidən Bayraktarlar peyda olacaq:
"Ümumiyyətlə separatçıları hansı üsulla zərəsizləşdirməyi biz yaxşı bilirik. Lakin bölgədə yeni bir qarşıdurma istəmirik. Qarşı tərəf isə görüşlərin intensivləşdiyi bir dönəmdə, sərhəd boyu və rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təxribata əl atır. Xüsusən Şuşa, Xocavənd, Ağdam kimi bölgələrdə tez-tez atəşkəsin pozulması hallarına rast gəlirik. Proseslərin Kremldən idarə edildiyi isə bəllidir. Düzdür bölgədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını İstəməyən İran, Rusiya tandemi var. Ancaq əsas ssenari müəllifi Moskvadır deyə bilərik. Ümumiyyətlə isə Bakı bu pozuculuq niyyətlərinə baxmayaraq, qardaş Türkiyənin də töhfəsi ilə prosesi başa vurmaq niyyətindədir".