Vaşinqton görüşü niyə təxirə salındı?-  Paşinyanın Rusiyaya çağırılmasında məqsədlər var  

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda keçiriləcək danışıqların növbəti raundu təxirə salınıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. Görüşün yeni tarixi barədə ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq”, - Ermənistan XİN-in bəyanatında deyilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

Görüşün təxirə salınmasının gizlinlərini "Sherg.az"a açan politoloq Samir Hümbətov bildirib ki, Paşinyanın Rusiya səfəri çərçivəsində, mən Moskvanın danışıqlar prosesini təxirə salmaq üçün əlindən gələni edəcək demişdim:

"Onlar ya Qarbağda və sərhəddə təxribat yaradacaqdılar, ya da Paşinyana təzyiq edərək prosesi ləngidəcəkdi. Düşünürəm ki, Paşinyanın Moskva səfəri, orada gedən danışıqlar və Ermənistanın danışıqlar prosesini təxirə salması əlaqəlidir. Görünür Rusiya sülh müqaviləsinin imzalanmasında ciddi şəkildə narahatdır".

Analitikin sözlərinə görə, bir neçə gün öncə Ceyhun Bayramov, Ermənistan və Azərbaycan tarixdə ilk dəfə sülhə bu qədər yaxın olduğunu açıqladı:

"Deməli hansısa məsələdə irəliləyiş var. Rusiya da bundan narahat olduğu üçün, birbaşa Paşinyana təzyiq göstərərək danışıqları ləngitməyə çalışır. Bu isə yalnız gün qovmaqdır. Yəni Kreml yaxşı bilir ki, sülh danışıqlarını heç kəs kənara ata bilməz və müqavilə imzalanacaq. Sadəcə onlar prosesi uzatmağa çalışırlar. Moskvanın əsas məqsədi isə, Paşinyanın hakimiyyətin dönəminin bitməsi və yerinə Rusiyaya bağlı Qarabağ klanından birini gətirərək prosesi pozmaqdır. Paşinyanın gedişi isə yeni mərhələdə konstitusiya dəyişikliyi edərək, üç maddəni çıxarmaq və iki maddə əlavə etməkdir. Yəni Ermənistan Türkiyə ilə Azərbaycana olan torpaq və Türkiyənin soyqırımı törətməsi iddialarından əl çəkəcək. Həmçinin ölkə Prezident idarəçilik sisteminə qayıdacaq və səlahiyyətlər dövlət başçısının əlinə keçəcək. Bundan sonra isə Paşinyan seçkilərdə namizəd olacaq".