"Hesablamalara görə müəyyən vaxtdan sonra bu hücumların qarşısında dayanmaq olmayacaq. Çünki Rusiya ordusunun hərbi-texniki təchizatı tükənib. Yəni müasir silahlarla təchiz olunmuş və son 6-7 ay təlimlərdə olan Ukrayna ordusunun qarşısında durmaq Rusiya Silahlı Qüvvələri üçün çətindir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Rusiyanın hərbi-siyasi elitasında narahatlıq olduğunu deyən siyasi şərhçi bildirib ki, ruslar Ukrayna ordusunun hücumlarına çətinliklə də olsa, tab gətirməyə çalışır:
"Onu da nəzərə almaq lazımdır ki, Rusiya ordusuna son zamanlarda səfərbər olunan əsgərlərin böyük əksəriyyəti hərbi təlimlər keçmədən döyüş bölgəsinə göndərilib. Üstəlik onların silahla təchizatı da yox səviyyəsindədir. Kaxovka Su Elektrik Stansiyasının partladılmasının əsas səbəblərindən biri də orada boşalan suyun axdığı istiqamətdən Rusiya Silahlı Qüvvələri özünü müdafiə etməsi idi. Bununla da ruslar həmin istiqamətdəki qüvvələrin bir hissəsini Ukrayna ordusunun hücum etdiyi ərazilərə yönəldə bilmək imkanı yaradacaqdı. Buna isə qismən nail olundu".
Analitikin sözlərinə görə, Ukrayna mənbələri bəzi istiqamətlərdə ordunun Rusiya müdafiə xəttini yarmağa nail olduğunu bildirir:
"Yəni Rusiyanın üç müdafiə xəttindən biri artıq keçilib və onlar ikinci müdafiə xəttinə çəkilib. İkinci və üçüncü müdafiə xətti yarıldıqdan sonra isə rusların müqaviməti tamamilə qırılmış olacaq. Hətta ehtimal edilir ki, Ukrayna ordusu ilk növbədə işğal olunmuş ərazilərin geri qaytarılmasını hədəfləyir. Bu baxımdan yaxın zamanlarda Krımın tamamilə Rusiyanın nəzarətindən çıxması məsələsi gündəmə gəlib. Çünki Krım körpüsünün yenidən partladılması ideyası yenidən ortaya çıxıb. Güman edilir ki, yaxın vaxtlarda körpü partladılarsa, Krımı müdafiə edən silahlı qüvvələrin təchizatı sıfır həddinə çatacaq. Bu halda isə həmin qüvvələrin təslim olmaqdan başqa çarəsi qalmayacaq. Digər tərəfdən döyüşlərin artıq rusların işğal edib daha sonra referendumla özlərinə birləşdirdiyi ərazilərə yaxın olduğu söylənilir. Ən əsası isə Qərb siyasi dairələri və Ukrayna rəhbərliyi savaşın qısamüddətli də olsa, Şimal qonşumuzun ərazisinə keçirməyə maraqlıdırlar. Bu, isə Kremlin siyasi imicini darmadağın edə bilər".
Qeyd edək ki, Donetsk vilayətində Neskuçne, Bloqodatne, Makarivka, Storojeve (Mariupol istiqamətində) və Berxivka (Baxmut istiqamətində) yaşayış məntəqələri Ukrayna ordusu tərəfindən azad edilib. Bu barədə siyasi müşahidəçi Kamran Cəfərov Axar.az saytına danışıb. O bildirib ki, hazırda Ukrayna ordusu çox maraqlı manevr həyata keçirir:
“Elə bir yolla irəliləyir ki, əsas zərbənin son ünvanını müəyyən etmək mümkün deyil. Ya Mariupol, ya da Berdyansk - Ukrayna SQ orta yol ilə irəliləyir və son məqamda hara zərbə vuracağı rusiyalılar üçün müəmmadır”.