Prezidentlik seçkilərində qələbə qazanan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyanın diqqət mərkəzindədir.
Bütün region ölkələrinin, o cümlədən dünyanın aparıcı media qurumları Ərdoğanın 13 iyunda Azərbaycana gəlişi və səfər proqramı haqqında xəbərlər dərc edib. Əsas diqqətdə olan məsələ isə proqramdakı “yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanlarının müzakirəsi” ifadəsidir.
R. T. Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin yeni dönəm üçün prioritetlər elan edəcəyi gözlənilir. Başqa cür desək, Ərdoğanın Bakıya səfərinin yalnız protokol xarakteri daşımayacağı, yeni çağırışlara uyğun mühüm bəyanatların veriləcəyi ehtimal edilir.
Türkiyə liderinin ölkəmizə səfərini "Sherg.az"a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, son günlərdə Azərbaycan və Türkiyənin Konfederasiyaya doğru addımlar atması barədə xəbərlər var:
"İddialar yayılıb ki, bununla bağlı yaxınlarda rəsmi qərar verilə bilər. Bu görüşdə sözügedən məsələlərin müzakirə ediləcəyini demirəm. Ancaq bu söhbətlərin getməsi belə müsbət haldır. Düşünürəm ki, Türkiyə və Azərbaycanın inteqrasiyası hər sahədə davam etməlidir. Düzdür, artıq ordu məsələsində inteqrasiya uğurla həyata keçirilib. Türkiyə ordu modelinə uyğunlaşırıq. Məncə, bu keçid digər dövlət strukturlarına da şamil edilməlidir. Ən əsası Türkiyə siyasi sisteminin Azərbaycanda da tədbiq edilməsi çox vacib məsələdir. Yəni qardaş Türkiyədə olan siyasi sistemin və seçkilərin Azərbaycanda tədbiq edilməsi ölkəmizin inkişafına təkan verəcək. Bununla ölkəmizə təzyiq göstərən güclərin də səsləri kəsiləcək. Ümumiyyətlə rəsmi Bakı ilə Ankara arasındakı inteqrasiya davam etməli və Konfederasiyaya doğru getməlidir".
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan bu gün Şimali Kipirə səfər edib və sabah oradan birbaşa Bakıya gələcək. Bu, Ərdoğanın seçkidən sonra ilk xarici səfəridir.