Suriyanın şimalından Türkiyənin Kilisdəki Öncüpınar sərhəd-keçid məntəqəsi istiqamətinə 5 raket zərbəsi endirilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, YPG/PKK terrorçularının atdığı raketlər boş əraziyə düşüb, ölən və yaralanan yoxdur.
Həmçinin qardaş ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında ordu mövqelərinə zərbələr endirməyə cəhd edən 7 PKK terrorçusunu zərərsizləşdirib.
"PKK/YPG terror təşkilatı "Fərat Qalxanı" əməliyyatı zonasında Cibrin bazası və Öncüpınar polis şəhərciyi ərazilərini minaatanlardan/RYAS-dan atəşə tutub.
Nazirlikdən vurğulayıblar ki, Türkiyə hərbçilərinin əks-hücumu nəticəsində 7 terrorçu, o cümlədən terrorçuların iki lideri zərərsizləşdirilib, mövqeləri də məhv edilib.
PKK və YPG-nin aktivləşməsinin təsadüfi olmadığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, bu terrorçu qruplaşmalarda raket hazırlayacaq alimlər yoxdur:
"Belə olan halda isə məlum olur ki, bu raketlər PKK və YPG-yə kimlər tərəfindənsə məqsədli şəkildə ötürülür. Yəni bəzi qruplar terror təşkilatları vasitəsilə Türkiyəyə hücum planlarının həyata keçirilməsində maraqladırlar. Digər tərəfdən Rəcəb Tayyib Ərdoğanın yenidən iqtidara gəlməsindən sonra, Türkiyə qarşısına yeni məqsədlər qoyub.Təzə hökumət kabinetinə baxdıqda da görə bilirik ki, rəsmi Ankara iqtisadi və hərbi gücünü yüksəldərək siyasi nüfuzunu dünya səviyyəsində daha da möhkəmləndirmək istəyir. Düzdür Türkiyənin bir çox iqtisadi boşluğu və aradan qaldırılmalı problemləri var. Məsələn, dolların rekord həddə bahalaşması və bu kimi bəzi hallar var ki, Türkiyə siyasətində mənfi tendensiya kimi qəbul edilir".
Ekspert əlavə edib ki, iqtisadi problemləri həll etmək üçün, Türkiyənin əsas məqsədləri sırasında təhlükəsiz zona, münaqişələrdən qaçma və regional ölkələrlə münasibətləri nizamlama kimi addımlar var:
"Bunlardan biri də Suriya idi. Son zamanlarda Türkiyə iqtidarı Suriyadakı rejimlə yaşanan problemlərin həllinə və uzlaşmaya can atırdı. Bütün bunlar isə sərhədlərin təhlükəsizliyini təmin etmək və iqtisadi amilləri, yolları xilas etmək məqsədi daşıyır. İndi isə Türkiyəni PKK və YPG vasitəsilə yolundan uzaqlaşdırmağa çalışan qüvvələr yenidən aktivləşməyə başlayıb. Onlar Türkiyəni PKK və YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlamağa və Suriyaya qoşun yeritməyə təşviq edirlər. Düşünürəm ki, yaxın vaxtlarda Ankaranın belə bir addım atması inandırıcı deyil. Onsuz da Suriyada Türkiyə Silahlı Qüvvələri var və onlar terror qruplaşmaları ilə mübarizədə aktiv fəaliyyətlərinə davam edəcəklər. Ümumiyyətlə Ankara yaxşı hesablayır ki, Suriyaya ordu göndərməsi yenidən Əsəd rejimi ilə problemə gətirib çıxaracaq. Bu, regionda əsas gücə çevrilmək istəyən Türkiyəyə ciddi zərər verə bilər".