“Səfər protokol qaydasına uyğun həyata keçirilir. Türkiyə prezidentləri ənənəvi olaraq ilk və ya ikinci səfərlərini Azərbaycana edirlər”.
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turab Rzayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərini dəyərləndirərkən deyib.
O bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin digər dövlətlər tərəfindən tanınmadığını nəzərə alsaq, onda ilk rəsmi səfər Azərbaycana edilmiş sayılır:
“Bu da Azərbaycanın Türkiyə və Türk Dünyası üçün önəmini vurğulayan xüsusi bir məqamdır. Digər tərəfdən səfər protokol xarakteri daşısa da, bir çox maraqlı məsələlər müzakirə olunacaq. Bunlardan biri hərbi əməkdaşlıq məsələləridir. Çünki qardaş Türkiyə dövləti Azərbaycan ordusunu gücləndirməyə və hazırlamağa xüsusi önəm verir. Qarabağda hər an toqquşma ehtimalı da nəzərə alınır. Bundan başqa yaşadığımız region kifayət qədər risklidir. Yəni hərbi və siyasi hadisələrin baş verə biləcəyi bölgədir.
Ona görə də effektiv şəkildə Azərbaycanda daha da peşəkar ordunun yaradılmasına ehtiyac var. Yəqin ki , bu istiqamətdə danışıqlar aparılacaq".
Analitik əlavə edib ki, səfər çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Qarabağ məsələsi gündəm təşkil edəcək:
"Digər tərəfdən Ankara və Bakı arsındakı iqtisadi, enerji və nəqliyyat-kommunikasiya münasibətləri müzakirə olunacaq. Ola bilsin ki, gələcəkdəki enerji tranzitində Azərbaycan və Türkiyənin birgə iştirakı ilə bağlı qərarlar qəbul edilsin. Bunlar Türkmənistandan transxəzər xəttinin çəkilməsidir, Türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə göndərilməsidir. Hətta Zəngəzur dəhlizi ilə əlaqədar də fikir mübadiləsi aparıla bilər. Ümumiyyətlə düşünürəm ki, qarşılıqlı əməkdaşlıq istiqamətində əsaslı müzakirələr aparılacaq".
Qeyd edək ki, Prezident İlham Əliyevlə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.