“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərdə monitorinqlər keçirilib. Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.
Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən götürülmüş dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Hadisəyə münasibət bildirən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Sherg.az”a söyləyib ki, sözügedən qurumlar hər il çimərlik mövsümü başlayan zaman bu cür monitorinq keçirib əhalini məlumatlandırırlar:
“Dəniz həvəskarları, yay istirahəti zamanı Abşeron çimərliklərinə üz tutanlar bunu nəzərə almalıdır. Həkimlər tövsiyə olunmayan yerlərdə dənizə girməyi məsləhət bilmirlər. “Çirkli çimərliklər”də istirahət zamanı insanlar bir sıra xəstəliklərə, o cümlədən vəba, salmonez, meningit kimi xəstəliklərə yoluxa bilərlər. Dəniz suyunun çirklənməsi sudakı patogen bağırsaq çöplərinin olması ilə baş verir. Mütəxəssislərin fikrincə bu törədicilər insan orqanizminə daxil olub, mədə-bağırsaq infeksiyaları yaradır və orqanizmdə ağır fəsadlar verirlər. Ona görə də insanlar mümkün qədər monitorinqin nəticələri müsbət olan çimərliklərə üz tutsalar yaxşıdır. Çimərlikləri yay mövsümünə hazır olması üçün ilboyu tədbirlər görülməlidir. Sahildə gəzişmək, dəniz havası qəbul etmək istəyənlər hətta qış aylarında sahilə gəlir, bəzə mülayim havalarda piknik də təşkil edilər”.
E.Cəfərlinin sözlərinə görə, insanlarımız, canlı təbiət qoynunda, meşələrdə, piknik ərazilərində, o cümlədən dəniz sahilində təmizliyə riayət etmək istəmirlər:
“Mən 2 ay öncə Zığ qəsəbəsində dəniz sahilində oldum, müşahidələr apardım. Sahildə çoxlu sayda balıq ovçuları var idi. Onlar tutduğu balığı elə sahildəcə təmizləyib, bişirir, piknik edirdilər. Çox təəssüf ki, özləri ilə gətirdikləri su, yemək qablarını, polietilen torbaları, meyvə çəyirdəklərini, qida qalıqlarını, balıq və quş içalatını, sür-sümüyü elə dayandıqları yerə-dəniz sahilinə, qayalıqların, qumsallıqların üzərinə atırdılar. Dəniz sahili bax bu cür çirkləndirilir. Əraziyə nəzarət edən bələdiyyə və ya icra nümayəndəliyi mütləq həmin zonada məişət tullantıları qabları yerləşdirməlidir. Əhalini maarifləndirici banerlər asılmalıdır. Vaxtaşırı könüllü təbiətsevərlərin iştirakı ilə ictimai iməciliklər keçirilməli, dəniz sahili məişət tullantılarından təmizlənməlidir. Abşeron çimərliklərində bir neçə dəfə İDEA İctimai Birliyinin təşkilatçılığı ilə bur cür aksiyalar keçirilib. Bu, təqdiralayiqdir. Hesab edirəm ki, bu, təşəbbüsə digər qeyri-hökumət təşkilatları da qoşulmalıdır. Bu cür aksiyalar həm gənc nəsildə təbiətə sevgi hissi aşılayır, həm də maarifləndirici mahiyyət daşıyır”.