"Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra mesajlar verildi. Bu mesajlardan biri də məhz Zəngəzur dəhlizi ilə bağlı idi".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasına mane olan əsas faktorlardan biri Ermənistandır:
"Yəni Ermənistan hərbi-siyasi hakimiyyəti bu məsələdə lazımi iradə göstərə bilmir. Ümumiyyətlə Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistana lazımdır. Onlar Zəngəzur dəhlizi sayəsində regional proseslərin iştirakçısı olmaqla yanaşı, həm də daxili iqtisadi vəziyyətini düzəldə bilər. Həmçinin Zəngəzur dəhlizi təkcə regional yox, qlobal bir məsələdir. Yəni dəhlizin açılması yalnız Azərbaycan və Ermənistandan asılı deyil. Bu prosesdə maraqlı olan və ya olmayan digər güclər də var. Məsələn, Qərb dəhlizinin açılmasında maraqlıdır. Çünki Zəngəzur dəhlizi ilə nəqliyyat kommunikasiyalarının açılması təmin ediləcək. Nəticədə isə Qərbin regionla bağlı iqtisadi maraqları həyata keçəcək".
Analitikin sözlərinə görə, İran Zəngəzur dəhlizinin açılmasını istəmir:
"Bunun səbəbi isə, onların dəhliz açıldıqdan sonra regionda "ofsayd" vəziyyətində qalacaqlarını anlamasıdır. Şübhə etmirəm ki, Ermənistan siyasi hakimiyyətinin dəhlizin açılması ilə bağlı mənfi mövqeyində İranın əli var. Yəni Cənub qonşumuz zaman-zaman rəsmi İrəvanı bu mövqedə olmağa sövq edir. Nəticədə isə Paşinyan digər güclərin təsirinə düşərək dövlətçiliyinin gələcəyini təhlükəyə atır. Düşünürəm ki, Ermənistan baş naziri bu məsələdə siyasi iradə göstərməli və ən qısa zamanda Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət addım atmalıdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatla çıxış edib.
O söyləyib ki, biz (Türkiyə Prezidenti ilə - red.) Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır:
“Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.