Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb:
“Azərbaycan Prezidentinin dəvəti ilə Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 14-15-də Azərbaycanda rəsmi səfərdə olacaq. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə iki ölkə arasında ticarət, enerji, investisiya sahəsində əməkdaşlıq müzakirə olunacaq. Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər də müzakirə olunacaq”, - deyə, XİN-dən bildirilib.
Səfərin gizlinlərini "Sherg.az"a açan siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, bu Şahbaz Şərifin baş nazir şeçildikdən sonra ilk səfəridir:
"Pakistan baş nazirinin səfərini həm tanışlıq, həm də münasibətlərin qurulması konteksində dəyərləndirmək olar. Əsas məsələ bu səfərlərin perspektiv baxımından hansı önəmi kəsb etməsidir. Azərbaycan-Türkiyə-Pakistan xətti İmran Xanın dövründə xeyli inkişaf etmişdi. Hətta əməkdaşlıqda üç qardaş ölkə səviyyəsinə qalxmışdıq. Daha sonra Pakistanda baş verən daxili problemlər bu məsələni arxa plana atsa da, artıq hər şey geridə qalıb. Hesab edirəm ki, gələcəkdə də Azərbaycan-Pakistan-Türkiyə birliyi inkişaf edən siyasi xətt üzrə hərəkət edəcək. Ümumiyyətlə Ərdoğanın Bakıda verdiyi mesajlar da, yeni müstəvidə münasibətlərin qurulacağını göstərir".
Analitik əlavə edib ki, üç qardaş ölkənin, Avrasiyanın gələcəyi baxımından mühüm əhəmiyyəti var:
"Bu həm siyasi, həm də iqtisadi konteksdən çox vacibdir. Çünki Avrasiyada gələcəklə bağlı əsas nəqliyyat xətləri, Pakistan-Azərbaycan-Türkiyə üzərindən dəyərləndirilir. Həmçinin qardaş üç ölkə həmin nəqliyyat xətlərinin üzərində yeni güc olaraq ortaya çıxır. Azərbaycan Türkiyə və Pakistan arasında körpü rolu oynayır. Bu baxımdan Ərdoğanın səfərindən sonra, Şərifin də Azərbaycana gəlməsi ənənəvi hesab edilir. Digər tərəfdən səfər İmran Xanın dövründə əldə olunan razılıqların yenidən aktivləşməsinə də gətirib çıxaracaq".