"Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq".
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Avropa Parlamentində keçirilən dinləmə zamanı deyib.
Onun sözlərinə görə, Aİ Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır: “Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib”.
J.Borel vurğulayıb ki, Aİ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır: “Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”.
Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a söyləyib ki, Ermənistan tərəfindən Vaşinqton görüşünün ləğv edilməsi ilə bağlı qəsdən yanlış informasiyalar yayılır:
"Onlar iddia edirlər ki, guya Azərbaycan Vaşinqton görüşündən yayınır. Ancaq bu, doğru deyil. Bakı texniki problemlərə görə görüşün vaxtını dəyişdirib. Bildiyiniz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana geniş nümayəndə heyəti ilə səfər edib. Həmin nümayəndə heyətinin tərkibində isə Türkiyə xarici işlər naziri də yer alıb və onun həmkarı burada olmalı idi. Ona görə də Azərbaycan tərəfi xahiş edib ki, görüş başqa tarixə keçirilsin".
T.Zülfüqarovun sözlərinə görə, görüşün vaxtı dəqiqləşdirilir və baş tutacaq:
"O ki qaldı Brüssel görüşünə... Biz anlamalıyıq ki, bu, təmasların əsas məqsədi Zəngəzur dəhlizinin açılmasıdır. Digər tərəfdən Ermənistan böhranda olduğunu və dəhlizi açmağa pulu olmadığını bəhanə edir. Ona görə də gözlənilir ki, Avropa İttifaqı bunu maliyyələşdirəcək. Ancaq ortada bir problem var. Problem odur ki, Ermənistandan keçən dəmir yolları Rusiyaya aiddir. Yəni Brüsseldə baş tutacaq görüş fərqli məsələlərin müzakirəsinə hesablanıb".