"1997-ci ildə Milli Qurtuluş Günü bayramı elan edilən 15 iyunun mahiyyətini, onun nəticələrini dərk etmək və müvafiq nəticələr çıxararaq ibrət dərsləri almaq müstəqil dövlətimizin, millətimizin keçdiyi yolu, mövcud vəziyyətini, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir".
Bunu "Sherg.az"a açıqlamasında professor, millət vəkili Musa Qasımlı 15 iyun Qurtuluş Gününün Azərbaycanın siyasi tarixindəki rolundan danışarkən deyib.
O bildirib ki, həmin dövrdə Azərbaycan xalqı düşmüş olduğu vəziyyətdən çıxmaqdan ötrü nicat yolu arayıb:
"Adamlar sual edirdilər: Azərbaycan xalqının və dövlətinin taleyi necə olacaq? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Bu yükü, məsuliyyəti öz üzərinə götürə bilən tarixi şəxsiyyət, lider varmı? Çoxlu çətin suallar qarşısında dayanan Azərbaycan xalqının nəzərləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə yönəldi. Heydər Əliyevə olan inamın bir sıra əsaslı səbəbləri var idi. Çünki Heydər Əliyev sovet sisteminin, kommunist ideologiyasının mövcud olduğu bir şəraitdə - 70-ci illərdə respublikanın rəhbəri kimi güclü təşkilatçılıq və idarəçilik bacarığı ilə xalqının başını uca etmiş, onu qabaqcıllar cərgəsinə çıxarmışdı. Xalqın dərin inamına görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən xilas edə, mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən hərbi təcavüzünü dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Təkidli tələblər qarşısında çarəsiz qalaraq geri çəkilən Azərbaycan rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu".
Deputat əlavə edib ki, Bakıya gələrək parlamentdə çıxış edən Heydər Əliyev qiyamın baş verdiyi Gəncəyə gedib, şəhər əhalisi ilə görüşərək şəraitlə tanış olub və paytaxta qayıtdıqdan sonra iyunun 15-də Azərbaycan parlamentinin sədri seçilib:
"Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni bir mərhələ başladı. Bu mərhələnin səciyyəvi cəhəti müasir müstəqil dövlətin xilası və möhkəm əsaslarda qurulmasıdır. Hakimiyyətə gəlişi ilə ölkəni parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Bununla da Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu. Həmçinin uğurlu Horadiz əməliyyatı ilə düşmənə zərbə vuruldu, bir sıra ərazilər işğaldan azad edildi, işğalçı ölkə və havadarları Azərbaycanın qəti mövqeyini gördülər. Azərbaycan dövləti 1994-cü ilin may ayının əvvəllərində NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına qatıldı. Həmin ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi. Heydər Əliyev atəşkəsə torpaqları azad etmək üçün güclənməkdən, dövləti və ordunu qurmaqdan, xarici sərmayəni cəlb etməkdən ötrü vaxt qazanmaqda vasitə kimi baxırdı. Elə ona görə də atəşkəsdən sonra Azərbaycan xalqının və dövlətinin tərəqqisi və gələcəyi naminə möhtəşəm bir addım atıldı. 1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrinin transmilli şirkətlərilə “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyev bir-biri ilə didişən, rəqabət aparan ölkələri, transmilli şirkətləri ortaq məxrəcə gətirərək Azərbaycanda əməkdaşlığa cəlb etdi. Bəzi ölkələrdən ərazisinin böyük, əhalisinin sayının çox olmamasına baxmayaraq, Azərbaycan onları bir masa arxasında oturda bildi. Ümumiyyətlə 30 ilin zirvəsindən baxıldıqda 15 iyun tarixindən ibrət alınası bir çox məsələlər var".
Qeyd edək ki, 15 iyun Azərbaycan Respublikasının Milli Qurtuluş Gününüdür.