Milli Assambleyada Ermənistanda qadınların könüllü olaraq hərbi xidmət keçməsinə icazə verən qanun təsdiqlənib. Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlamasında deyib:
“Qadın vətəndaşlar üçün könüllü hərbi xidmət sistemi tətbiq edilib. 18-27 yaş arası Ermənistan Respublikasının vətəndaşları müraciət edə bilər. Onların hərbi xidmət müddəti 6 ay olacaq. Çağırışa çağırılan qadın əsgərlər püşkatmadan təlim bölməsinə təyin olunacaq və birlikdə hərbi xidmət keçəcəklər. Bu məqsədlə hərbi xidmət keçən qadınların rəhbərlik edəcəyi xüsusi qadın batalyonunun yaradılması prosesi davam edir”.
Qanuna görə, 6 aylıq hərbi xidməti başa vuran qadınlara tərxis olunduqları zaman 1 milyon dram (4 min 500 manat) ödəniləcək. Qanun Ermənistan prezidentinin imzasından sonra qüvvəyə minəcək.
Mövzunu "Sherg.az"a dəyərləndirən millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistan ordusuna qadınların çağırış məsələsi bir neçə müddətdir müzakirə edilir:
"Əsas məqam ondan ibarətdir ki, qadınlar Ermənistan ordusunda xidmət etdiyi 6 ay müddətində ailə məsələsi ilə bağlı ordunu tərk edə bilməzlər. Ümumiyyətlə dünyada qadınların məcburi şəkildə hərbi xidmətə çağırılması təcrübəsi var. Bu dövlətlərdən İsraili, Koreya Xalq demokratik respublikasını, Norveçi və İsveçi misal göstərmək olar. Lakin Ermənistanda bu könüllülük əsasında baş verir. Təbii ki, bu hadisə Ermənistan cəmiyyətində də birmənalı qarşılanmayıb. Çoxu bunun əleyhinədir. Ancaq lehinə olanlar da var".
Parlamentari əlavə edib ki, erməni qadınlarına kişilərin orduda tutduğu vəzifələr təklif olunur:
"Bu heç də demək deyil ki, kişilərin sayı azalıb ona görə qadınlar orduya çağırılır. Lakin hadisə göstərir ki, cəmiyyətdə müəyyən problemlər var və Ermənistan döyüşkən ordu yaratmaq istəyir. Ümumiyyətlə bir sıra terror təşkilatlarında da qadınların 5-6 aylıq təlimə cəlb olunması praktikası var. Ermənilərdə isə bu məsələyə digər rakursdan baxılır. Digər tərəfdən 44 günlük savaşda onların yaratdığı mif yox oldu və orduları darmadağın edildi. Bunu qadınları cəlb edərək yenidən formalaşdırmaq isə çətin məsələdir. Sadəcə olaraq Ermənistan cəmiyyətini sakitləşdirmək üçün onlar belə addımlar atır. Yəni işsizliyin həll edilməsi üçün qadınlar da məcbur olub orduya yazılırlar".
Qeyd edək ki, Ermənistanda 18-27 yaş arası kişilər 2 il müddətinə hərbi xidmətə çağırılır. İldə iki dəfə, yayda və qışda əsgər qəbulu edilir.