"Rusiya qoşunları Ukraynada olduğu müddətcə ruslarla heç bir danışıqlar olmayacaq”.
Bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak söyləyib. O, Ukraynanın heç bir ərazi güzəştinə getməyəcəyini vurğulayıb:
"İndi Ukrayna hökuməti çalışır ki, Braziliya və Hindistan kimi ölkələr də Volodimir Zelenskinin sülh planının həyata keçirilməsinə dəstək versinlər", - deyə Yemak qeyd edib.
Hələ Ukrayna tərəfinin genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamadığını deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, sadəcə lokal tədbirlər aparılır:
"Əks-hücum əməliyyatlarının aparılması ərəfəsində hansısa sülh danışıqlarından söhbət açmaq məntiqə uyğun olmaz. Çünki Ukraynanın hədəfləri var. Bu hədəflər isə heç olmasa torpaqların böyük bir qismini geri qaytarmaqdır. Ümumiyyətlə sülh danışıqları əks-hücumun dayandırılması və mövcud olanların ləğv olunması deməkdir. Bu isə hazırda rəsmi Kiyevə sərf etmir. Xüsusilə də taktiki üstünlük əlində olduğu zamanda. Yəni Ukrayna ordusu cəbhədə müəyyən qəsəbələri geri qaytarır və Rusiya Silahlı Qüvvələrinin müdafiə xəttini yara bilir. Ona görə də danışıqların aparılmasına maraq göstərmir".