"Azərbaycan nəinki Rusiya ilə, digər sərhəddi olduğu ölkələrlə də terrorizm və təhlükəsizliyin təmin olunması məqsədilə birgə təlimlər həyata keçirir".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Ramil Məmmədli Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirməsindən danışarkən deyib.
O vurğulayıb ki, əməliyyatlar hər zamam qarışıqlı informasiya mübadiləsi və Sərhəd Qoşunlarının əlaqəsi fonunda baş tutur:
""Sərhəd-Sipər" tədbiri də həmin kontekstdə keçirilir. Vaxtilə Azərbaycanın şimal bölgələrində terrora meyilli və separatizmi dəstəkləyən bir sıra qurumlar fəaliyyət göstərib. Bu qruplaşmalarla mübarizə aparmaq üçün isə bir sıra əməliyatlar baş tutub".
Ekspertin sözlərinə görə, bu normal bir hadisədir:
"Biz bilməliyik ki, Azərbaycanla Rusiya ölkə başçılarının da qeyd etdiyi kimi strateji müttəfiqdir. Ona görə də bu kimi təlimlər, yaxınlaşmalar vacibdir. Yəni hər iki dövlətin hərbi strukturları arasında birgə fəaliyyətin həyata keçirilməsi, birgə təlimlərin olması və hərbi-texniki sahədə əməkdaşlığın mövcudluğu bölgənin təhlükəsizliyi baxımından önəmlidir".
Qeyd edək ki, Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Xatırladaq ki, “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər iyunun 25-dək davam edəcək.