Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində C. Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Həmçinin nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.
Səfərin gizlinlərini "Sherg.az"a açan siyasi şərhçi Elşən Məcidov bildirib ki, Azərbaycan və Böyük Britaniya arasındakı münasibətləri strateji tərəfdaşlıq və müəyyən mənada müttəfiqlik kimi də nəzərdən keçirmək olar:
"Bizim onsuz da Avropa İttifaqına üzv olan ölkələrin üçdə biri, yəni 9-u ilə strateji tərəfdaşlığımız var. Ancaq Britaniya ilə münasibətlər digər 9 ölkəyə nisbətən daha üstündür. Ümumiyyətlə iki ölkə arasındakı əlaqələr, Azərbaycanın İsrail və Türkiyə ilə münasibətləri səviyyəsindədir. Başqa sözlə desək, Azərbaycan Britaniya əlaqələri strateji tərəfdaşlıq və müttəfiqlik arasında bir mövqedədir. Məhz bunun daha da inkişaf etdirilməsi üçün Xarici İşlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya gedib".
Analitik əlavə edib ki, bu səfərin bir neçə vacib əsası olduğunu vurğulamaq lazımdır:
"Birincisi, regionda və beynəlxalq miqyasda vəziyyət kifayət qədər gərgindir. Böyük Britaniyanın isə Cənubi Qafqazda geoiqtisadi və geosiyasi maraqları var. Bunların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Bakı və London arasındakı əlaqələr daim inkişaf etməlidir. Digər tərəfdən iki ölkə arasındakı əməkdaşlığın əsasını Fransa və Ermənistan arasındakı sıx əlaqələr təmin edir. Bildiyimiz kimi Fransa və Böyük Britaniya rəqibdirlər. Yəni rəsmi London Parisin Cənubi Qafqazdakı mövqelərini balanslaşdırmaq üçün Azərbaycanla münasibətləri aktuallaşdırır. Xüsusilə vurğulamaq lazımdır ki, Rusiyanın qlobal miqyasda zəifləməsi, özünü regionda da göstərir. Nəticədə isə Fransa bundan istifadə edərək Ermənistanda möhkəmlənməyə çalışır. Ancaq rəsmi Parisin əsas məqsədi Qarabağdakı separatçıların əli ilə Cənubi Qafqazda öz nüfuzunu təmin etməkdir. Bunlardan biri Ermənistan, digəri Azərbaycandır. Ona görə də Fransa Bakı-Xankəndi arasındakı dialoqun bərqərar edilməsində maraqlıdır. Bu isə Azərbaycan konstitusiyasına və Böyük Britaniyanın maraqlarına ziddir. Ümümiyyətlə düşünürəm ki, boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi və Fransanın artan nüfuzunu balanslaşdırmaq Ceyhun Bayramovun Britaniya səfərində əsas müzakirə mövzuları olacaq".