"Zülfüqar müəllimin vəfatı bizim üçün gözlənilməz oldu. Hazırda bütün kollektiv bunun sarsıntısı içərisindədir".
Bunu "Sherg.az"a açıqlamasında "Moderator.az"ın redaktoru Seymur Əliyev saytın fəaliyyəti ilə bağlı danışarkən deyib.
O vurğulayıb ki, Zülfüqar müəllimin başlatdığı işi yarımçıq qoymaq olmaz və bunu hökmən davam etdirməliyik:
"Bu ilk növbədə bir vəfa borcudur. Hazırda kollektivdə sayta rəhbərliklə bağlı bir qərar yoxdur. Yalnız birlikdə müzakirə etdikdən sonra qəti qərar veriləcək".
S.Əliyev əlavə edib ki, bu gün sayt ənənəvi şəkildə öz fəaliyyətini davam etdirir və cəmiyyətdə baş verən hadisələrə öz çevik münasibətini bildirir:
"Hazırda saytın fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Yəqin ki, rəhbərlikdə kimin təmsil edilməsindən asılı olmayaraq Zülfüqar müəllimin yeri dolmayacaq. Ümumiyyətlə "Moderator.az"ın yeni uğurlarına nail olmaq və daha da irəli daşımaq bizim mənəvi borcumuzdur. Sayt əməkdaşları tərəfindən Zülfüqar müəllimə ediləcək ən gözəl jest və vida da bu olacaq".
Qeyd edək ki, "Moderator.az"ın baş redaktoru Zülfüqar Hüseynzadənin ani vəfatı hamını heyrətləndirib. Təsisçinin ölümündən sonra saytın idarəsinin kimə veriləcəyi isə hələ də bəlli deyil".