Paşinyan xalqına demək istəyir ki, müharibə istəyirdiniz, nəticəsini gördünüz - ŞƏRH


Ermənistanda parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclası keçirilib. İclasda Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. Baş nazir bildirib ki, Şuşanın süqutu 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının əsas səbəblərindən biri oldu. O, üçtərəfli bəyanatı imzalamasından da danışıb: 

“Mən üçtərəfli bəyanatı niyə məhz noyabrın 9-da imzaladım? Əlbəttə, burada dönüş nöqtəsi Şuşanın azərbaycanlıların nəzarətinə keçməsi idi. Çünki şəhərin təkcə simvolik deyil, həm də strateji əhəmiyyəti var idi”.

N.Paşinyan Azərbaycan Ordusunun Şuşanı azad etməsi ilə Xankəndinin zərbə altında qala biləcəyini xatırladıb: 

“Həmçinin Martuniyə (Xocavənd) təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirədə qala bilərdi”.

O qeyd edib ki, noyabrın 9-da müharibəni dayandırmaq üçün 5-ci cəhd edilib. N.Paşinyan bildirib ki, birinci cəhdi oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin ad günündə edib.

Baş nazir Şuşanı saxlamağa cəhd etsələr də, bunun mümkün olmadığını deyib.

Onun sözlərinə görə, oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin ona Azərbaycan tərəfinin yeni tələbi - onların hesablamalarına görə, 90 faiz azərbaycanlı olan şəhərin əhalisinin geri qaytarılmasına zəmanət verilməsi barədə məlumat verib.

“Noyabrın 9-da səhər sənədi imzalayanda məlum oldu ki, Azərbaycan imzalamayıb və yeni şərtlər irəli sürüb”, - N.Paşinyan söyləyib.
Onun sözlərinə görə, rəsmi Bakı Qazax rayonunun erməni işğalında olan Azərbaycan kəndlərinin qaytarılmasını tələb edib. Bu tələbi N.Paşinyana Rusiya Prezidenti V.Putin çatdırıb.

Ermənistan liderinin sözlərini  "Sherg.az"a şərh edən MAMM Türküstan Araşdırmalar Departamentinin direktoru, siyasi şərhçi Rusif Məmmədsoy söyləyib ki, bu açıqlamalar hesab olunmamalıdır:

"Nəzərə alsaq ki, o son bir ay ərzində həm parlamentin iclasında, həm də mətbuata bu məsələ ilə bağlı açıqlamalar verib. Həmçinin Paşinyan açıqlamalarının birində referendum və konstitusiya məsələsinə də toxunmuşdu. Xüsusən də gerb məsələsinə toxunaraq istehza ilə "siz nəyə ümid edirsiniz" demişdi. Bilirik ki, onların həm konstitusiyasında, həm də gerbində Ağrı dağı əks olunub. Yəni qonşuluğunda yerləşən və dünyanın ən güclü ordularından birinə sahib Türkiyəyə qarşı ərazi iddiası Ermənistana fəlakət qazandıra bilər. Ona görə də Paşinyanın  bu açıqlamaları prosesi sürətləndirmək və cəmiyyəti buna hazırlamaq üçün etdiyini düşünürəm". 
Analitik əlavə edib ki, Ermənistan baş nazirinin qeyd etdiyi 25 minlik əsgərin mühasirədən xilas olması Azərbaycanın humanist yanaşmasının nəticəsidir:

"Bizim onları məhv etməyə və ya əsir götürməyə haqqımız var idi. Ancaq Xankəndi ətrafında dayandıq. Çünki bizi bu hadisələrdə dırnaqarası soyqırımında günahlandıra bilərdilər. Ümumiyyətlə Paşinyanın müharibə başlayan gündə də çıxışı olmuşdu. O cəmiyyətə sual verdi ki, "Qarşımızda çox güclü ordu var hazırsınız?"

Ancaq o zaman da Paşinyana təzyiqlər edərək müharibə istədilər. İndi erməni baş nazir deyir ki, müharibə istəyirdiz və nəticəsini gördüz. Çıxış yolu sadəcə sülhdədir. Doğrudur Nikolun nə qədər səmimi olduğunu söyləmək çətindir. Lakin hər halda onun reallığı dərk etmək qabiliyyəti digərlərindən fərqlidir".