Arazdəyəndə ABŞ bayrağı qaldırıldı  - Növbəti təxribat!

İşğal altında qalan Kərki kəndi ilə Naxçıvan arasında yerləşən Arazdəyəndə metallurgiya zavodu inşa edən Ermənistan bu gün saat 13:00-da həmin ərazidə ABŞ bayrağını qaldırıb. Bu barədə erməni mediası məlumat yayıb.

Metallurgiya zavodunda ABŞ bayrağının qaldırılmasına münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a bildirib ki, ermənilərin həyata keçirdiyi bu təxribat, Amerikanın bölgəyə müdaxilə etmək cəhdidir:
"Hətta orada ABŞ və Ermənistan bayrağı ilə yanaşı, Qondarma Dağlıq Qarabağ dövlətinin də bayrağı qaldırıla bilər. Ümumiyyətlə bunların hamısı Azərbaycanın hansısa müdaxilə etməsinin qarşısının alınmasına hesablanmış addımlardır. Mütləq şəkildə bunun foto və videosu çəkilərək dünyaya servis ediləcək. Yəni dünyaya baxın Azərbaycan Ermənistan tərəfindən açılmış metallurgiya zavodunda ABŞ bayrağına necə hörmətsizlik etdi kimi şərh olunacaq. Əlbəttə ki, rəsmi Bakı da bunu çox yaxşı bilir. Xüsusilə də Azərbaycana yeni Amerika səfirinin təyin ediləcəyi bir dönəmdə belə təxribata gedilməməsini anlayır. Mən inanıram ki, müvafiq qurumlar tərəfindən diplomatik addımlar atılacaq və bu ermənilərin həyata keçirəcəyi təxribatları sıfıra endirəcək".

Qeyd edək ki, metallurgiya zavodu ABŞ-də fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinin investsiyası hesabına inşa edilir. Belə bir zavodun Arazdəyəndə inşa edilmə planı Kərki kəndinin hərbi yolla azad edilməsi perspektivinin önünü kəsməyə hesablanıb. Çünki ABŞ öz şirkətlərinin investisiya qoyduğu ərazilərdə hərbi gərginliyin olmasının əleyhinə çıxır.