Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında çıxış edib.
O qeyd edib ki, Ermənistanın Azərbaycanla barışıq üçün təklif etdiyi şərtlərində Mehridə rusiyalı sülhməramlıların yerləşdirilməsi də var idi:
“Onların məqsədi Azərbaycanla Naxçıvanı birləşdirən dəhlizin təhlükəsizliyini təmin etmək olacaqdı”.
Paşinyanın çıxışı ilə bağlı "Sherg.az"a açıqlama verən sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Qarabağın müəyyən ərazilərinin Ermənistana, Mehrinin isə Azərbaycana verilməsi ideyası ilk dəfə 1988-ci ildə rus akademik tərəfindən səsləndirilib:
"Sonra isə amerikalı Pol Qobl tərəfindən belə bir idea irəli sürülmüşdü. O indi də ADA universitetində çalışır. İndi Paşinyan da ona toxunur ki, müxtəlif danışıqlarda bu məsələ də gündəmə gətirilib. Ancaq nə bizdən əvvəl, nə bizim, nə də sonrakı hakimiyyət dövründə Qarabağın Ermənistana verilməsi ilə bağlı konkret plan barəsində məndə informasiya yoxdur".