"Baş nazir anlayır ki, indi ondan sülhpərvər siyasətçi imici tələb edilir"
Ermənistan xoşagəlməz və dəhşətli spektrdə ən çətin çağırışlar və qərar qəbuletmə perspektivləri ilə üz-üzədir. 1994-2020-ci illərdəki status-kvoya qayıtmaq mümkün deyil, hətta Baş nazirin alovlu əleyhdarları da bunu başa düşürlər. Hərbi resurslar və kritik ictimai dəstək yoxdur. Kənar oyunçular da İrəvanın ötən illərdəki maksimalist planlarını həyata keçirməyə həvəsli deyillər. Beləliklə, Ermənistan cəmiyyətinin və siyasətçilərinin qəbul edə biləcəyi ardıcıl hekayələr tapmaq istəyi yaranır. Güzəştlərin və məğlubiyyətlərin qaçılmazlığı haqqında tezislərin fəal şəkildə təbliği də buna görədir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“Paşinyan siyasi prezentizmlə məşğul olub, məsuliyyəti sələfləri və Rusiyanın üzərinə atır? Bəli, təbii ki, o, alim deyil, siyasətçidir. O, bu konkret şəraitdə hakimiyyətini saxlamaq istəyir. Obyektivlik naminə deyək ki, biz digər məğlubiyyət atalarını da tanımalıyıq. Bununla bağlı isə həmişə problem yaranır, çünki məğlubiyyət yetimdir, zəfərin çoxlu valideynləri olur!” - o bildirib.
Qeyd edək ki, insanlar arasında Paşinyanın “iyun tezisləri”nin indi ortaya çıxması təsadüfdürmü? Və onların siyasi nəticələri olacaqmı? Kimi suallar formalaşmağa başlayıb.
Paşinyanın açıqlamalarının öz xeyrinə olduğunu deyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a vurğulayıb ki, onun məqsədi keçmiş rəhbərliyi zərbə endirmək və məğlubiyyətin əsasının onlar tərəfindən qoyulduğunu göstərməkdir:
"Bu baxımdan çıxış daxili və siyasi bir mövzu kimi dəyərləndirilməlidir. Digər tərəfdən Paşinyan başa düşür ki, indi ondan sülhpərvər siyasətçi imici tələb edilir. Həmin səbəblə də müxtəlif bəyanatlar verir. Gərək bu bizi aldatmasın. Çünki başa düşürük ki, onun "sülhpərvər" bəyanatları imicə xidmət edir.
Digər tərəfdən Ermənistan tərəfindən atılan praktiki addımlar köhnə siyasəti həyata keçirməkdir. Yəni onlar Azərbaycanın ərazi bütövlüyünü tanımır və suverenliyinə hörmət etmir".
T.Zülfüqarov əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın bir hissəsi olan Qarabağa müxtəlif vasitələrlə müdaxilə edir:
"Ermənistanın dövlət büdcəsində xüsusi bir bənd var. Bu bəndə əsasən hər il Qarabağda fəaliyyət göstərən separatçılara maaş verilir. Həmçinin bizdən tələb edirlər ki, gedin, həmin separatçılarla danışıqlar aparın. Yəni Qarabağdakı dırnaqarası rejimi dünyaya müstəqil ərazi kimi təqdim etməyə çalışırlar. Ancaq onların maaşını Ermənistan verir. Məsələn, Paşinyan vaxtilə deyib ki, "Arsax Ermənistandır". Sonra 1991-ci il xəritələrini tanıdığını söyləyib. Məlum oldu ki, artıq 1991-ci ildə "Dağlıq Qarabağ" Ermənistana birləşdirilib. İndi axırıncı varianta isə 1975-ci il xəritələrindən danışır. Çünki bu insan defakto səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. O, hətta adi suala belə cavab verə bilmir və başlayır rəqəmlərlə danışmağa. Lakin dünyanın heç bir yerində rəqəmlər əsasında ərazi bütövlüyü tanınmır. Bu baxımdan bəyanatların məqsədinin görüntü yaratmaq olduğunu düşünürəm".
Xatırladaq ki, dünən Ermənistanda parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclası keçirilib. İclasda Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O, üçtərəfli bəyanatı imzalamasından da danışıb.