"Rusiyanın moderatorluğu ilə Türkiyə və Suriya arasındakı nizamla prosesinin təşkili, görüşlərin keçirilməsi və başqa addımlar bir neçə müddətdir ki, davam etdirilir".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundundan danışarkən söyləyib.
O bildirib ki, burada tərəflərin hər birinin öz maraqları var:
"Yəni Türkiyənin olduğu kimi, Suriya və Rusiyanın da maraqları mövcuddur. İndi bunların nə dərəcədə üstə-üstə düşdüyü və hansı fərqli nüansların olduğu mətbuata tam şəkildə açıqlanmır. Ona görə də bu barədə konkret fikir söyləmək çətindir. Amma ümumi mənzərə onu deməyə əsas verir ki, hazırkı beynəlxalq situasiyada xüsusilə Rusiyanın Ukraynada düşdüyü bataqlıq fonunda əlaqələrinin Qərblə kəsilməsinə görə, Kreml Şərqdə tərəfdaşlarının sayını artırmağa və itirdiklərini bu əməkdaşlıqlarla kompensasiya etməyə çalışır. Eyni zamanda Türkiyənin Suriya ilə münasibətlərinin nizamlanması fonunda yaxın Şərqdə sabitliyə maraqlı olması da bunun bir nümunəsidir. Həmçinin İran da Qərblə gərginlik yaşayan bir dövlətdir. Ancaq bunlar o demək deyil ki, Moskva və Tehranın təşəbbüsü Türkiyə ilə Suriya arasındakı əlaqələrə tam şəkildə kömək edə biləcək".
Ekspert əlavə edib ki, hadisəyə iki kontekstdən yanaşmaq lazımdır:
"Birincisi, rəsmi Ankara və Dəməşq faktorudur. Çünki bu ölkələr biri-biri ilə diplomatik əlaqələri bərpa etməyə maraqlı olsalar da, görünən odur ki, hər ikisinin dövlət maraqları və siyasi rejimlər tamamilə ziddiyət təşkil edir. Hətta fikir ayrılıqları elə bir situasiyaya çatıb ki, onların qısa zamanda tam şəkildə uzlaşması qeyri-mümkün görünür. Əlbəttə Rusiya və İranın vasitəçiliyi, burada ikinci dərəcəli problemləri həll etməkdə faydalı ola bilər. Bu isə tam həll prosesi demək deyil. İkinci faktor isə Qərbdir. Çünki artıq tək qütblü dünya ilə sağollaşıb, çox qütblü dünyaya keçiddə olsaq da, bu gün Qərb dövlətləri ilə ABŞ-nin ittifaqı güc nisbəti ilə onların proseslərə daha çox təsir etmək imkanlarının olduğunu ortaya qoyur. Digər tərəfdən Yaxın Şərq çox qarışıq regiondur və bu qarışıqlıda ən aktiv hərəkət edən qüvvə Qərb blokudur. Ümumiyyətlə İraqın işğalından sonra ABŞ orta Şərqdə əhəmiyyətli söz sahibinə çevrilib. Yəni Amerikasız yaxın Şərqi düşünmək qeyri-mümkündür. Həmçinin Qərbin maraqlarının təmin edilmədiyi bir yerdə Türkiyə və Suriya münasibətlərinin nizamlanmasını gözləmək sadəlövhlük olardı. Üstəlik Türkiyə Şərq bloku ilə tərəfdaşlığa açıq olsa da, NATO səviyyəsində Qərbin müttəfiqidir. Ona görə də Türkiyə bu istiqaməti tez bir zamanda dəyişə bilməz. Ümumiyyətlə Türkiyə Suriya ilə nizamlanma prosesinə gedəcəksə, təkcə İran və Rusiyanın moderatorluğunu yox, Qərblə münasibətləri əsas götürəcək. Bu mənada deyə bilərik ki, Tehran və Moskvanın vasitəçiliyi hələlik tam şəkildə hədəfinə çatmayacaq".
Qeyd edək ki Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundu baş tutub.
Bu barədə İran, Rusiya və Türkiyə nümayəndələrinin Suriya üzrə 20-ci beynəlxalq görüşünün yekunlarına dair birgə bəyanatında deyilir.
Tərəflər iyunun 20-də Astanada Rusiya, İran, Suriya və Türkiyənin xarici işlər nazirlərinin müavinləri arasında keçirilmiş məsləhətləşmələrin konstruktiv xarakter daşıdığını qeyd ediblər. Türkiyə ilə Suriya arasında münasibətlərin bərpası üçün “yol xəritəsi”nin hazırlanmasının gedişatı (dörd ölkənin müdafiə nazirlikləri və xüsusi xidmət orqanlarının işi ilə əlaqələndirilməklə) müzakirə edilib.
Bu ölkələrin xarici işlər nazirlərinin 2023-cü il mayın 10-da Moskvada və müdafiə nazirlərinin 2023-cü il aprelin 25-də keçirilmiş dördtərəfli görüşlərdə əldə olunmuş razılaşmaların icrası istiqamətində fəal səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Suriya üzrə 21-ci beynəlxalq toplantının 2023-cü ilin ikinci yarısında keçirilməsi barədə razılığa gəliblər.