Azərbaycan və Ermənistan XİN rəhbərləri gələn həftə Vaşinqtonda görüşəcək.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Baş tutacaq görüşü "Sherg.az"a dəyərləndirən politoloq Samir Hümbətov bildirib ki, təmasların hər birinin özünə görə faydası var:
"Hətta döyüş əməliyyatları olduğu halda belə bu cür görüşlərin baş tutması müsbət haldır. Təbii ki, bəzi məsələlər müzakirə olunmalıdır. Yəni gərginlik və qarşı tərəfin təxribatlarına görə çəkilib bir kənarda dayanmaq olmaz. Çünki bu artıq danışıqlar prosesinin pozulmasıdır. Mən düşünürəm ki, bu görüşdə Ermənistan tərəfindən həyata keçirilən son təxribatlar da müzakirə olunacaq. Eyni zamanda Vaşinqton görüşündən sonra qaranlıq qalan və növbəti raund üçün saxlanılan məsələlərə də aydınlıq gətirilə bilər. Hər halda qarşıda duran əsas hədəf, görüşlərin nəticə yönümlü olmasıdır".
Analitik əlavə edib ki, Vaşinqtonda baş tutan ilk görüşdə tərəflərdən müsbət siqnal gəlmişdi:
"İndi bundan sonrakı mərhələ necə olacaq, ona baxılmalıdır. Bu səbəblə də tendesiyanın davam etməli olduğunu düşünürəm. Ən azından qaranlıq qalan detallar müzakirə oluna bilər. Onsuz da tərəflər arasında sülh müqaviləsi imzalanana qədər təxribatlar davam edəcək. Çünki yalnız yekun sülhdən sonra, bu hal aradan qalxa bilər. Hətta bəzi güclər prosesi pozmağa çalışır. Bunun qarşısını almaq üçün isə danışıqlar sürətləndirilməlidir".
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.