Rusiya Fransa Prezidenti Emmanuel Makronun BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sammitində iştirakının əleyhinədir.
Bu fikri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə söyləyib.
O bildirib ki, Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdən dövlətlərin liderlərinin avqust ayında Cənubi Afrika Respublikasında keçiriləcək BRİCS sammitində iştirakı arzuolunmazdır.
Nazir müavini əlavə edib ki, bu, əlbəttə, tədbiri keçirən tərəfin öz işidir, lakin sammit iştirakçıları ilə məsləhətləşmələr də aparılmalıdır.
S.Ryabkovun sözlərinə görə, Rusiya artıq öz fikrini təşkilatçılara çatdırıb.
Sammitdə iştirakçılarının heç birinin Qərb ölkəsi olmadığını deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a vurğulayıb ki, Fransa Avropa dövləti olduğu üçün Rusiya tərəfi narazıdır:
"Ukraynadan gedən müharibə təkcə Rusiya ilə onun arasında baş tutmur. Hətta bəziləri deyir ki, bu savaş NATO ilə Kreml arasındadır. Həmçinin bir çox ekspertlərin rəyinə görə Ukrayna savaşı Qərblə Şərqin mübarizəsidir. Şübhəsiz sammitdə iştirak edən dövlətlər də Qərblə necə mübarizə aparmaq lazım olduğunu müzakirə edəcək. Sual yaranır ki, belədirsə, Fransanın orada nə işi var? Digər tərəfdən baxmayaraq ki, rəsmi Paris və Moskvanın bəzi məsələlərdə mövqeləri üst-üstə düşür, lakin Ukraynadakı müharibə tərəflər arasında gərginliyə səbəb olur.
Yəni Fransanın açıq şəkildə Ukraynanı dəstəklədiyi heç kəsə sirr deyil. Belə olan halda isə Ryabkovun Fransa əleyhinə açıqlama verməsi gözlənilən idi. Həmçinin Cənubi Qafqazda Rusiya və Avropa İttifaqı bir-birinin ayağına dolaşır. Yəni Avropa İttifaqının aparıcı güclərindən olan Fransa, Rusiyanın Cənubi Qafqazdakı planlarına mane olur. Bu iki səbəb Kremli narahat etdiyinə görə, Rusiyanın Fransa ilə eyni masa arxasında oturmamaq istəyi başa düşüləndir".