Qazaxıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki müxtəlif layihələrdə iştirak edə bilər.
Bu barədə Prezident İlham Əliyevin iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən bildirilib.
Söhbət zamanı dost ölkə Qazaxıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub.
Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu söyləyən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a bildirib ki, əməkdaşlıq siyasi-iqtisadi, mədəni səviyyədə özünü göstərir:
“Əlaqələrin inkişafı Nazarbayevin hakimiyyəti zamanında da pis deyildi. Bu gün Tokayevin hakimiyyətində də münasibətlərin inkişafı yüksələn xətlə davam edir. Həmçinin qarşılıqlı səfərlər intensivləşib və hər iki ölkənin maraqlarını ifadə edən addımlar atılır. Yəni əlaqələr praktiki müstəvidədir. Bu isə həm də ümumtürk birliyinin inkişafına böyük təkan verir. Bir məsələni yaddan çıxartmaq olmaz ki, Vətən müharibəsindən sonra Azərbaycanın Türk dünyasında nüfuzu çox yüksəlib. Hətta bizə olan münasibət son dərəcə dəyişib".
Ekspertin sözlərinə görə, Azərbaycanı Türk birliyinin əsas aktorlarından biri hesab edirlər:
“Rəsmi görüşlərdə də bunu açıq-aydın görmək olur. Azərbaycan türk birliyinin qurulmasına töhfəsini verir. Digər tərəfdən Qarabağın quruculuğunda qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Özbəkistan da Füzulidə məktəb tikir. Məncə, bu addımlar digər türk dövlətlərinin hərkətə gəlməsinə səbəb ola bilər. Ümumiyyətlə Prezident İlham Əliyev digər qardaş türk dövlətlərini quruculuq prosesində fəal iştirak etməyə dəvət edib. Düşünürəm ki, Qarabağda quruculuq prosesi yekunlaşandan sonra qardaş türk dövlətlərinin şirkətləri yatırımlar qoya bilərlər. Həmçinin qardaş Türkiyənin Şuşada baş konsulluq açması istəyinin olması da, prosesə müsbət təsir göstərəcək”.