Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılması məqsədilə ölkəmizdə keçirilən "Alpan-2023" birgə təlimi davam edir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, təlimin növbəti günündə hərbi pilotlar qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 16 təlimin planlaşdırıldığını deyən hərbi ekspert Ədalət Verdiyev
"Sherg.az"a vurğulayıb ki, "Alpan-2023" hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri arasında baş tutur:
"Ümumiyyətlə "Alpan-2023" artıq 7-ci birgə təlimdir. İki ölkənin pilotlarının fərqli aerodromlardan uçuşlar həyata keçirməklə, şərti düşmənin müdafiə və komanda məntəqələrini, cəmləşmə rayonlarını məhv etmək tapşırıqları ilə icra edilir. Həmçinin bu pilotlarımızın nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsinə imkan verir. Eləcə də pilotların qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasına da şərait yaradır. Digər tərəfdən Azərbaycan-Türkiyə arasındakı təlimlər bizə qarşı olan qüvvələrə, o cümlədən Ermənistana və ona dəstək verən ölkələrə hərbi güc nümayişi kimi də dəyərləndirilə bilər".