Türkiyə milli müdafiə naziri Yaşar Gülər və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı taxıl sazişi ilə bağlı son vəziyyət müzakirə olunub. Türkiyəli nazir taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.
Y.Gülər əlavə edib ki, Türkiyə 17 iyulda müddəti bitən taxıl sazişinin uzadılması üçün bütün lazımi səyləri göstərəcək.
Telefon danışığını "Sherg.az"a dəyərləndirən politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl bildirib ki, Türkiyə Ukrayna-Rusiya savaşında vasitəçiliyi öhdəsinə götürən və sülh üçün əlindən gələni edən bir ölkədir:
"Hətta Türkiyə iki dövlətin XİN rəhbərlərini Ankarada bir araya gətirə bildi. Həmçinin əsirlərin dəyişdirilməsi və digər vacib məsələlərdə də hər zaman aktiv rol oynayıb. Bu vasitəçiklərdən biri də taxıl kolidorudur. Əslində bu geniş bir məsələni əks etdirən təşəbbüsdür. Yəni burada sadəcə taxıl deyil, Rusiyanın gübrə və digər məhsullarının satılması da nəzərdə tutulub. Digər tərəfdən taxıl kolidoru məsələsini Türkiyə BMT-nin dəstəyini yanına alaraq, həyata keçirir. Bunun üçtərəfli görüşmə olmadığını da unutmamaq lazımdır. Yəni rəsmi Ankara həm Ukrayna, həm də Rusiya ilə ayrı-ayrılıqda təmasa keçir və anlaşmalar imzalanır. Açıq şəkildə desək, Moskva və Kiyev Türkiyəni təminat olaraq görürlər".
T.İsmayılın sözlərinə görə, müqavilə imzalandıqda BMT baş katibi Türkiyəyə xüsusi təşəkkür etdi:
"Ümumiyyətlə bu bəzən sadə görünsə də, çox ciddi məsələdir. Mənə görə Türkiyə həqiqətən də çox çətin bir şeyi həyata keçirib. Çünki taxıl kolidoru Afrika, yaxın Şərq və dünyanın bir çox bölgəsində qida qıtlığının qarşısının alınmasındakı ən önəmli addımlardan biridir".