Bu il sülh imzalanacaq?

"Avropa dairələri və Vaşinqtondan gələn siqnallara əsasən ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər". 

Bunu "Sherg az"a açıqlamasında politoloq Orxan Amaşov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsindən danışarkən deyib.

O bildirib ki, Ceyhun Bayramov da bu məqamı yenidən vurğulayıb:

"Ümumiyyətlə Avropa İttifaqı çərçivəsində və Brüssel, Vaşinqton formatında gedən danışıqlarda, oktyabr ayı son tarix kimi göstərilir. Amma proses noyabra da çəkə bilər. Sülh müqaviləsi və yaxud dövlətlər arası münasibətlərin normallaşmasına isə bir neçə maneə var. Bu maneələrdən biri Ermənistanın Qarabağ ermənilərinin hüquq və təhlükəsizlikyi ilə bağlı məsələlərin beynəlxalq formatda həll edilməsi tələbidir. Bu istiqamətdə tərəflərin bir-birinə yaxınlaşması lazımdır. Ümumiyyətlə məsələnin beynəlxalq mexanizmlə həlli dedikdə söhbət ondan gedir ki, Azərbaycan prosesdə üzərinə müəyyən öhdəliklər götürməli və müəyyən qarantiyalar verməlidir. Rəsmi Bakı isə bunu istəmir. 


Çünki bu ikinci MİNSK prosesinin başlaması deməkdir. Ən yaxşı halda Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə, Qarabağ kənardan müşahidə edilə bilər.  Yəni Azərbaycanın əsas şərti Ermənistanın Qarabağla bağlı beynəlxalq mexanizmdən əl çəkməsidir. Çünki Paşinyan  "Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıyırıq, ancaq oradakı ermənilərlə bağlı məsələlər beynəlxalq məsələdir" dedikdə əslində prosesi uzadır və yükü üzərindən atır. Bax, bu sülh müqaviləsinin qarşısını alan əsas maneələrdən biridir".

Analitikin sözlərinə görə, rəsmi Bakının İrəvandan Qarabağ erməniləri ilə danışıqlara şərait yaratmaq gözləntisi var:

"Xatırlayırsınızsa, 2023-cü ilin fevralında Vardanyan hələ də qondarma vəzifə tutanda Azərbaycan dövlət başçısı Münhendəki təhlükəsizlik konfransında çıxış edərkən bildirdi ki, o Rusiya mənşəli şəxsdir və heç bir dialoq olmayacaq. Bu əslində Paşinyana bir mesaj idi ki, əlinizdə olan rıçaklardan istifadə edərək Vardanyanı Qarabağdan uzaqlaşdırın. Ermənistan baş nazirinin isə buna normal reaksiya verə bildiyini düşünürəm. İndi də buna bənzər bir situasiya yaranıb. Həmçinin Ceyhun Bayramov qarşı tərəfə tələbləri də tam şəkildə çatdırıb. Bakının əsas istəyi, delimitasiya, separatçılara maliyyə dəstəyinin dayandırılması dialoqa mane olmamaq və Qarabağdakı daxili işlərinə qarışılmamasıdır. Ermənistan buna müsbət reaksiya versə, məsələlər konstruktiv həll olunacaq, yox mənfi qarşılasa Azərbaycan Qarabağdakı güclənmə xəttinə yeni stimul verəcək.  Çünki Bakının davranış modelində belə bir qanunauyğunluq formalaşıb. Digər tərəfdən Ermənistandakı daxili vəziyyət də gərgindir. Paşinyanın reytinqi 14 faizə düşüb. Amma revanşist seqmentin də populyarlığı çox aşağıdır. Səhv etmirəmsə, Koçaryanda 2, Sarkisyanda isə 1 faizdir. Yəni ölkəni daxildən konsalde etmək lazımdır. Hətta qarşıda mer seçkiləri də gözlənilir və hesab olunur ki, anti-Paşinyan qüvvələr qalib gəlsə, bu Nikolun mövqeyini sarsıdacaq. Çünki ölkənin yarısı İrəvanda yaşayır. Ona görə də Paşinyan indiki məqamda gözləməyi seçir.Yalnız daxili vəziyyət normallaşandan sonra, o Azərbaycanla kompromisə gedəcək. Bu səbəblə də düşünürəm ki, Paşinyan yay fəslinin sonuna qədər hansısa sənədə imza atmaqdan çıkinəcək. Oktyabr ayında isə münbit bir şərait formalaşa bilər".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində “Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür”deyib.

O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilin sonundan tez də baş tuta bilər.
Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır: "Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, bu, mümkündür”.