Ukrayna Yevgeni Priqojinin təxribatından istifadə edib Baxmut istiqamətində qoşun cəmləşdirir.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin bu dəqiqələrdə yaydığı məlumatında bildirilib.
"Priqojinin təxribatından istifadə edən Kiyev rejimi Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 35-ci Dəniz Briqadası və 36-cı Mexanikləşdirilmiş Briqadasının bölmələrini hücum əməliyyatları üçün start xəttində cəmləşdirir. Silahlı Qüvvələrin" Cənub" qruplaşmasının hərbçiləri düşməni hava və artilleriya zərbələri ilə darmadağın edir”,-deyə Rusiya MN-in məlumatında qeyd olunub.
Hadisəni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Ukrayna bu vəziyyətdən məmnuniyyətlə istifadə edəcək:
"Priqojinin üsyanı həm rəsm Kiyev, həm də Ukraynaya dəstək verən Qərb ölkələri üçün göydəndüşmə bir vəziyyətdir. Təbii ki, Ukrayna tərəfi Rusiyanın daxilindəki hərbi-siyasi qarşıdurmanın olmasından yararlanıb, cəbhədə vəziyyəti öz xeyrinə dəyişmək üçün çalışacaq. Amma bunu Rusiya siyasi dairələrinin iddia etməsi, bəhanədir. Çünki Priqojini hərbi qiyamına, məhz Rusiya Müdafiə Nazirliyinin davranışları gətirib çıxarıb. Hətta Priqojinin vaxtilə verdiyi açıqlamalara görə, onlara silah-sursat verilmir və döyüş bölgəsindən çıxanda Rusiya tərəfindən "Vaqner"in üzvlərinə atəş açılıb".
Analitikin sözlərinə görə, Kremlin hərbi-siyasi elitasında uzun zamandır toqquşma var:
"İndiki situasiyada Moskvaya bağlı qüvvələr, günahı Priqojinin üzərinə yıxmağa çalışır. Ola bilsin ki, Priqojin günahkardır və dövlətə qarşı hərbi qiyam qaldırır. Ancaq heç bir hadisə tək tərəfli deyil. Çünki hər iki qrupdan indiyədək biri-birinə qarşı müxtəlif addımlar atılıb. Ümumiyyətlə son hadisələr onu göstərir ki, Putin Priqojinin qələmini qırıb və onun yaxın zamanda aradan götürülməsi üçün bütün addımlar atılacaq. İstənilən halda isə Rusiya çox ciddi problem qarşısında qalıb. Yəni onlar bir tərəfdə Ukrayna ilə vuruşmalı, digər tərəfdə isə Priqojinin qiyamını yatırtmalıdır. Ukraynanın isə vəziyyətdən torpaqlarını azad etmək üçün istifadə edəcəyi şübhə doğurmur. Rəsmi Kiyevin bundan hansı səviyyədə istifadə yararlanacağını yaxın günlərdə görəcəyik".