“Bir sıra siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermir. Bəzi siyasi partiyaları xarici vətəndaşlar himayə edir”.
Bunu Milli Məclisin dünən keçirilən iclasında parlamentin Regional məsələlər komitəsini sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu gün AXCP, Müsavat partiyası hesabatlarını ictimaiyyətə açıqlamırlar:
“Sual olunur ki, onlar bu pulu haradan alır. Özgə vaxtı onlar Milli Məclisin deputatının pulunu saymaqla məşğuldur. Bu adamlar 20 ildir işləmir. Bəs bu qədər pul haradandır? Hər birinin cangüdəni, aparatı, yuxarı qiymətə olan avtomobilləri var. Burada oturan deputatın hər birinin 3 illik əməkhaqqı miqdarında hər birinin uşağı Londonda oxuyur. Hansı pulla?! Təklif edirəm İnzibati Xətalar Məcəlləsinə bir maddədə də onların əməkhaqqısı ilə bağlı əlavə edilsin. Onlar pensiya fonduna heç bir pul ödəmirlər”.
Hesabat verməyən Partiyaları MSK-nın bəyan etməli olduğunu deyən Ağ Partiyanın başqanı Tural Abbaslı "Sherg.az"a açıqlayıb ki, bu barədə hazırkı qanunvericiliklə məhkəməyə müraciət olunaraq, tədbir görülməlidir:
"Təbii ki, hansısa xarici qüvvələrin ideologiyasını dəstəkləyən partiyalar ola bilər. Mən bütün hər kəsin adından danışa bilmərəm. Çünki yalnız Ağ Partiyaya cavabdehəm. Amma xaricdən maliyyələşmə qanunvericiliyə görə qadağandır. Yəni konstitusiya əsasən Azərbaycanda fəaliyyət göstərən partiyalar donor fondlarından maliyyə ala bilməz. Belə bir fakt varsa və Siyavuş müəllim özünü ciddi deputat hesab edirsə, o zaman sübutları mühafizə orqanlarına təqdim etməlidir. Əgər bu fakt təsdiqlənməyib və cinayət işi açılmayıbsa, Siyavuş müəllimin dedikləri quru sözdür. Digər tərəfdən Siyavuş müəllimin nəyəsə sübutu varsa və bunu gizlədirsə cinayəti ört-basdır etmə maddəsi ilə onun özünə iş açılmalıdır.
T.Abbaslı əlavə edib ki, bir sözü deyirsənsə mütləq ardını gətirməlisən:
"Sual yaranır ki, prokurorluq Siyavuş Novruzovu çağırıb soruşsa, kimin adını deyəcək və hansı faktları təqdim edəcək? Ümumiyyətlə, mən demirəm xarici ideologiyaları Azərbaycana gətirən partiyalar yoxdur. Lakin bu qanunvericiliklə qadağan olunmayıb. Siyavuş müəllim nə isə bilirsə, hüquq mühafizə orqanlarına desin, yoxsa parlamentinin kürsüsündən qeyri-ciddi söhbətlər etməsin".