"Bu hadisə bir oyun idi. Priqojin Putinin icazəsi olmadan hər hansı bir addım ata bilməz".
Bunu "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov Rusiyada baş verən "Vaqner" üsyanından danışarkən deyib.
O bildirib ki, Priqojinin bütün fəaliyyətləri Rusiya büdcəsindən ayrılmış vəsait hesabınadır:
"Bu səbəblə də onun apardığı fəaliyyətlərin Rusiya xüsusi xidmət orqanları tərəfindən nəzarət edilməməsinin qeyri-mümkün görünür. Bunun nə üçün edildiyi isə böyük bir sual altındadır. Ola bilsin ki, daha genişmiqyaslı bir fəaliyyəti ört-basdır etmək üçün nəzarət edilə biləcək bir üsyan qaldırılıb. Hətta 24 saat keçməmiş bu, yatırıldı. Nəticədə biz suallar qarşısında qalmışıq. Niyə bu problemlər yaradıldı? Nə üçün Lukaşenko araya girdi və Priqojin tərəfdarlarının aqibəti necə olacaq? Suallar hələ də cavabsızdır. Düşünürəm ki, zaman keçdikcə bunun cavablarını tapacağıq".
Qeyd edək ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bazasına geri qayıtdıqlarını açıqlayıb.
Priqojin "Vaqner"in Rusiya Federasiyası ərazisində hərəkətinin dayandırıldığını təsdiqləyib.
"İndi qan tökülə biləcəyi an gəldi, buna görə də rus qanının tökülməsinə görə bütün məsuliyyəti dərk edərək, plana uyğun olaraq əks istiqamətə, səhra düşərgələrinə yola düşürük", - deyə o bildirib.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini və bir çox döyüşçü öldüyünü əsas gətirərək Silahlı üsyana cəhd edib.