"Ordumuz kifayət qədər inkişaf edib..." - XTQ-nin sayı artırılacaq!

“Ulu öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın”.

Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

“Ulu öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür”, - deyə Ölkə başçısı qeyd edib.

Azərbaycan ordusunun yenilənmə dövrünü yaşadığını deyən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a söyləyib ki, bu modernləşmə kimi xarakterizə oluna bilər:

"Biz artıq Silahlı Qüvvələrin inkişafından deyil, yenilənməsindən danışa bilərik. Çünki Azərbaycan ordusu kifayət qədər inkişaf edib. Hətta Silahlı Qüvvələrimizin qoşun növlərinin strukturu tam komplektləşdirilib. Yəni artıq raket-artilleriya bölmələrinin silah arsenalının və Pilotsuz Uçuş Aparatları parkının daha da mükəmməlləşdirilməsindən söhbət gedir. Sadalanan məsələlər artıq öz həllini tapmaq üzrədir. Cənab Ali Baş Komandan İlham Əliyevin də səsləndirdiyi fikirlərdə bu məqamlar xüsusi qeyd olunub".


Ekspertin sözlərinə görə, bu dövrü həm də ordunun böyük hissəsinin peşəkarlaşması kimi dəyərləndirmək olar:

"Komanda birləşməsinin yaradılması və inkişafı ordunun şəxsi heyətindəki peşəkar hərbi qulluqçuların sayının artırılmasına xidmət edir. Ümumiyyətlə hələ 2014-cü ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələri peşəkar orduya keçidlə bağlı ciddi addımlar atmağa başladı. Yəni Müddət Artıq Həqiqi Hərbi Xidmət (MAXHE) vəzifəsi yaradıldı. Bundan sonra iş daha da genişləndirildi. Düşünürəm ki, qarşıdan gələn dövrdə komanda və xüsusi təyinatlı qüvvələrin şəxsi heyətinin sayı artırılacaq". 

Xatırladaq ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür.