Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkənin sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.
O bu barədə Tvitter paylaşımında bildirib. Rusiyada baş verən hadisələrin yaxından monitorinq edildiyini bildirib.
"Mümkün yeni miqrasiya dalğaları səbəbilə bizim sərhədlərimizə ciddi nəzarət edilməlidir",- Zurabişvili əlavə edib.
Sual yaranır ki, Rusiyadakı son proseslər fonunda Azərbaycan quru sərhədlərinin bağlı qalması da təhlükəsizləyə hesablanıb?
Quru sərhədlərimiz açılsa rusların kütləvi miqrasıyasının olacağı ilə bağlı iddalar var. Hətta bildirilir ki, sərhədlərin açılmasının vaxtının oktyabra qədər uzadılması bununla bağlıdır.
Deputat Hikmət Babaoğlu da Milli Məclisin iclasında Azərbaycan həm də informasiya minaları, ideoloji minalarla qarşılaşır deyib:
“Bu gün bir daha aydın oldu ki, bir neçə gün bundan əvvəl Operativ Qərargah nəyə görə quru sərhədlərin bağlı qalması ilə bağlı qərar verdi. Biz bu gün ideoloji minaların təmizlənməsinə səfərbər olmalıyıq”.
Ölkəyə rusların axmasının məqbul olmadığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a şərh edib ki, Gürcüstanın keçirdiyi narahatlıq əbəs deyil:
"Ancaq nəzərə almalıyıq ki, bu təkcə Gürcüstan hökümətini deyil, cəmiyyətini də qıcıqlandırır. Hətta bununla bağlı etirazlar var. Çünki kirayə, qida, kafe və məişət xidmətlərində qiymətlər yüksəlib. Digər tərəfdən gürcü cəmiyyəti 2008-ci il savaşını da unutmayıb. Yəni vaxtilə Rusiyanın müharibə apardığı gürcü xalqı indi rusların qaçıb öz torpaqlarında gizlənməsini bəyənmir. Həmçinin bu xırda toqquşmalara səbəb olur və hakimiyyətə qarşı etirazları gücləndirir. Ancaq düşünürəm ki, Gürcüstan hakimiyyətinin bu mövqeyi sırf cəmiyyətdə olan narazılığa görədir. Çünki indiki hakimiyyət Rusiyaya yeni aviareyslərin açılmasını həyata keçirirdi. Bu isə birtərəfli qarşılanmadı. Hətta indiki Prezident əhalini açıq şəkildə ölkənin hava yollarının boykot etməyə çağırmışdı".
Analitikin sözlərinə görə, Azərbaycanda quru sərhədlərimizin bağlı qalmasında da müəyyən təhlükəsizlik məsələlərinin nəzərə alması mümkündür:
"Əslində müharibə dövründə və ondan sonra təhlükəsizlik əsas prioritetdir. Yəni Pandemiya ilə bağlı karantin rejimi elan edilsə də, təhlükəsizlik ön planda olub. Ancaq düşünürəm ki, ruslar Azərbaycana da hava yolu ilə axın edə bilərlər. Hazırda Azərbaycan-Rusiya arasındakı reyslər tam şəkildə həyata keçirilir. Ona görə də quru sərhədlərimizin açılmasının rusların Azərbaycana axınını sürətləndirəcəyini düşünmürəm. Ona görə ki, quru sərhədlərimizin açılması Azərbaycan və ya Qafqaz əsilli şəxslərin ölkəyə miqrasiyasına səbəb ola bilər. Lakin istənilən halda Rusiyadakı gərginlik azalana qədər, Şimal qonşumuzla sərhədlərimiz bağlı qalmalıdır".