İrəvandan İstanbula uçuş: Bu, əlaqələrin normallaşması mənasına gəlmir  - ŞƏRH

Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan reysləri üzrə uçuşlara başlayıb.

Bu barədə İrəvanın Zvartnots hava limanının Mətbuat xidməti məlumat yayıb.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

İki ölkə arasında təyyarə reyslərinin əvvəl də olduğunu deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a söyləyib ki, Ermənistandan Türkiyəyə iş üçün  gələn erməni vətəndaşlarının sayı 40 mindən çoxdur:

"Bu insanlar quru yolu ilə gəlmir. Çünki sərhədlər bağlıdır. Əlbəttə dolayı yollarla gələnlər də ola bilər. Amma əsasən hava yolu ilə səfər edilir. Digər tərəfdən iki ölkə arasındakı təyyarə reyslərinin olması əlaqələrin normallaşması mənasına da gəlmir. Ona görə ki, münasibətlər yaxşılaşanda Türk hava yolları rəsmi olaraq Ermənistana uçuşlar həyata keçirəcək. Bildiyimiz qədərilə isə rəsmi səfərə hələ başlanmayıb".


Analitik əlavə edib ki, bunun siyasi yox, ticari qərar olduğunu düşünür:

"Sadəcə pul qazanmaq məqsədilə Ermənistandan Türkiyəyə təyyarələr gəlir. Yəni pulunu alırlar. Siyasi məsələyə qaldıqda isə Paşinyan Türkiyə qarşısında verdiyi vədlərə əməl edir. Nəticə etibarilə Qarabağ məsələsi tamamilə Azərbaycanın lehinə həll olunduqdan sonra Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasını və hətta quru sərhədlərinin açılmasını gözləmək olar".