Ermənistanın Ətraf Mühit Nazirliyinin tabeliyində olan Hidrometeorologiya və Monitorinq Mərkəzinin saytında dərc olunan hava proqnozlarında qondarma rejimə qoyulmuş “artsax” toponimi “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzlənib.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev yazıb. O, qərarın bir neçə gün öncə verildiyini bildirib.
Qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Rəsmi İrəvan tezliklə bu keçmiş toponimdən də imtina etmək məcburiyyətində qalacaq.
Azərbaycan ərazisini "Artsax" adlandırmağın konstitsion problem meydana çıxardığını deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a vurğulayıb ki, bu beynəlxalq hüquq qarşısında Ermənistanın mövqelərini zəiflədir:
"Bu səbəblə də onlar gediş ediblər. Amma tarixi ədalətin bərpa olunması nöqteyi-nəzərindən Ermənistanın səmimi olduğunu qəbul etmirik. Həmin məntiqlə Azərbaycan siyasi leksikonuna həm coğrafi ərazi, həm də milli, hüquqi, hərbi problem kimi daxil olunmuş və sonra da idealojiləşmiş "Dağlıq Qarabağ" ifadəsindən də imtina etmək lazımdır. Çünki Azərbaycan ərazi vahidi içərisində belə bir ifadə yoxdur. Bu, ölkənin suverenliyi daxilində yaratmağa çalışılan və separatçıların cəmləşdirildiyi Azərbaycanın içinə atılan bir bombadır. Ona görə də Ermənistanın bölücü siyasəti təkcə idealoji yox, coğrafiya üzərindən də silinib atılmalıdır. Bəlkə biz də Ermənistanı rəsmi şəkildə "Hayastan" adlandıraq və erməni sözünü tarixdən silək? Bu onlara xoş gələr mi? Əlbəttə ki, yox. Bax Azərbaycanın coğrafi terminlərinə yanaşma da bu cür olmalıdır".