Münasibətlər korlana bilər  - Ukrayna-Gürcüstan gərginliyi...

Gürcüstanla Ukrayna arasında münasibətlər gərginləşir.

Trend xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və şəxsən şirkətin qurucusu Tamaz Qaişviliyə qarşı sanksiyalar tətbiq etmək barədə qərarı ikitərəfli münasibətlərə ciddi təsir edəcək addım kimi qarşılanıb.

Gürcü aviadaşıyıcılarının qarşı tərəfin qəzəbinə tuş gəlmələrinin səbəbi Tbilisinin öz maraqlarından çıxış edərək Rusiya ilə aviadaşımaları bərpa etməsidir. “Georgian Airways” aviaşirkətinin rəhbəri artıq hökumət qarşısında qarşı tərəfə cavab addımları atılmasını tələbi irəli sürüb.
 
Onun sözlərinə görə, Rusiyaya Türkiyə, ərəb ölkələri, İsrail Azərbaycan, Ermənistan Asiya və Mərkəzi Asiya dövlətlərinin aviaşirkətləri uçuşlar həyata keçirir: 

“Lakin sanksiyalar altına “Georgian Airways” düşür və buna da cavab olmalıdır. Özü də Rusiya ilə aviauçuşların bərpası barədə qərarı məhz Gürcüstan hökuməti qəbul edib”.

Şirkət rəhbəri söyləyib ki, Kiyevin şəxsən ona qarşı qəbul etdiyi sanksiya qərarı siyasidir.

Məsələni şərh edən politoloq Samir Hümbətov "Sherg.az"a söyləyib ki, şirkətlərə qarşı sanksiyaların tədbiqi dövlətlərarası münasibətlərə təsir edən amil deyil:


"Çünki şirkətlər kommersiya qurumudur və onların fəaliyyəti buna əsaslanır. Kiyev hökümətinin qəbul etdiyi qərarın da ikili münasibətlərə təsir göstərəcəyi real deyil. Ona görə ki, indiki məqamda həm Gürcüstan, həm də Ukrayna Rusiya cəbhəsi baxımından eyni tərəfdə yer alırlar. Onsuz da Saakaşviliyə görə rəsmi Kiyev və Tbilisi arasında kifayət qədər gərginlik olub. Gərginliyin bir az da artması tərəflər arasındakı münasibətləri korlaya bilər. Bu isə nə Ukraynaya, nə də Gürcüstana lazım deyil. Bu səbəblə də hansısa şirkətə görə gərginliyin yaradılması real görünmür. Düşünürəm ki, tərəflər münasibətlərin pisləşməsinə imkan verməzlər. Əgər hansısa dövlət qurumu, siyasətçi və məmura qarşı sanksiya tədbiq edilsə, bəlkə vəziyyət gərginləşərdi. Lakin hansısa hava şirkətinə görə Ukrayna və Gürcüstanın qarşı-qarşıya dayanacağına inanmıram".