Ermənistanla "Dağlıq Qarabağ" arasında çəkişmə gözlənilir  - ŞƏRH

“Ötən ay üçüncü ölkənin ərazisində Xankəndi-Bakı formatında görüş imkanı var idi. Lakin baş tutmadı”.

Erməni KİV-i xəbər verir ki, bunu Qarabağ "parlamenti"nin hakim "Azad Vətən” ""fraksiyası"nın rəhbəri Artur Arutyunyan bildirib.

"Xankəndi ilə Bakı arasında birbaşa dialoq üçün belə bir təklif var idi. Bu görüş Amerika tərəfinin vasitəçiliyi ilə keçirilməli idi. Lakin amerikalılar bu görüşdə iştirak etməyəcəkdi. Xankəndi görüşün gündəliyindən ehtiyatlandı. Bu səbədən görüş baş tutmadı”, - deyə Arutyunyan qeyd edib.

Azərbaycanın Xankəndini rəsmi dövlət kimi tanımadığını deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a açıqlayıb ki, bu mənada qondarma Dağlıq Qarabağ ilə hansısa rəsmi dialoqdan söhbət gedə bilməz:

"Amma rəsmi Bakı Qarabağdakı erməni əhalinin Azərbaycan vətəndaşları olduğunu bildirir. Ona görə də həmin əhali ilə reinteqrasiya prosesini özümüz həyata keçirməyə çalışırıq. Hətta bu məsələ ilə bağlı xüsusi nümayəndəmiz belə var və bir dəfə təmas baş tutub. Belə dialoq cəhdlərinin olması təbiidir. Məsələ ondan ibarətdir ki, prosesdə maraqlı olan və olmayan üçüncü tərəflər var. Yəni baxmayaraq ki, ABŞ Azərbaycan və Ermənistan arasındakı sülhdən maraqlıdır. Ancaq onların rəsmi Bakının Xankəndində olan erməni əhali ilə dialoquna nə qədər istəkli olduğundan şübhəliyəm. Çünki bu, baş verərsə, artıq Amerikanın vasitəçiliyinə ehtiyac qalmayacaq və məsələ kökündən həll edilmiş olacaq. Rəsmi Vaşinqton isə vasitəçilik yolu ilə öz təsir gücünü artırmağı arzulayır".

Analitik əlavə edib ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın ABŞ səfərində bu məsələnin də müzakirə edilməsi ehtimalı var:

"Ümumiyyətlə qondarma rejimin başçısı Arutyunyan dəfələrlə pis vəziyyətdə olduqlarını etiraf edib. Ancaq onlar da birbaşa dialoqda maraqlı deyillər. Ona görə ki, kənar güclərin təsiri var. Rəsmi Bakı isə indiki məqamda beynəlxalq ictimaiyyətin rəyini nəzərə alaraq maksimum təzyiqi artırmalıdır ki, qondarma respublika başqa çıxış yolunun olmadığını anlasın. Hətta bir müddət sonra Ermənistan və qondarma rejim arasında çəkişmənin olacağını proqnozlaşdırıram. Məhz bu çəkişmə isə bizim əlimizi gücləndirə bilər".