“Türkiyənin hakimiyyət orqanları fəaliyyət müddəti iyulun 17-də bitən Qara dəniz taxıl təşəbbüsünün uzadılması məqsədilə Ukrayna və Rusiya ilə danışıqları davam etdirir”.
Bu barədə TASS agentliyinin mənbəyi Rusiya tərəfinin taxıl sazişinin uzadılmasına ümidlərin az olduğu barədə bəyanatını şərh edərkən deyib.
Həmçinin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Rossiyskaya qazeta”ya yazdığı məqalədə bildirib ki, Taxıl sazişinə hazırkı formada ehtiyac yoxdur və ona xitam verilməlidir.
Onun sözlərinə görə, Rusiya taxıl sazişi olmadan da ərzaq ehtiyacı olan tərəfdaş ölkələrə kömək edə bilər.
Rusiyanın iyunun əvvəlində sazişdən imtina etmək fikrində olduğunu söyləyən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a vurğulayıb ki, Türkiyədəki seçkilərə görə bu iyulun ortalarına qədər uzadıldı:
"Artıq ruslara bu müqavilə lazım deyil. Çünki öz anbarları doludur. Digər tərəfdən Türkiyəylə taxıl sazişi olmasa belə əlaqələri yaxşıdır. Ona görə də Rusiya bu müqavilədən imtina etmək niyyətindədir. Əsas hədəf isə Ukrayna və onun Avropadakı tərəfdaşlarıdır. Ancaq bu imtinanın Türkiyə-Rusiya əlaqələrinə təsir göstərdiyini düşünmürəm. Çünki hazırda sazişin uzanması nə Türkiyəyə, nə də Rusiyaya o qədər də lazım deyil".
Analitik əlavə edib ki, Rusiyanın taxıl müqaviləsindən imtinası Avropanın böhranla üzləşməsi demək deyil:
"Kreml düşünür ki, niyə mənə qarşı olan ölkələri taxılla təmin etməliyəm. Yəni Moskva öz maraqlarını güdür. Ümumiyyətlə savaşda olan ölkələr bir-birinə maksimum ziyan vurmaq üçün əlindən gələni edir. Rusiyanın da addımı buna hesablanıb. Ancaq böyük fəsadlarının olacağını düşünmürəm. Ona görə ki, hazırda Avropanın ciddi taxıl problemi yoxdur".