“Ermənistan həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı ifadə edib.
İşğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama
Hərəkatı ölkələrinə dərin minnətdarlığını bildirdən dövlətimizin başçısı qeyd edib ki, o, xüsusilə 2020-ci və 2022-ci illərdə
Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edir.
Ermənistanın aldığı qərarların təkbaşına verilmədiyini deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a vurğulayıb ki, bundan əvvəl İranın açıqlamasını xatırlasaq, "Zəngəzur dəhlizinin açılması rəsmi Tehranın qırmızı xəttidir və bunu keçmək olmaz" ifadəsini görərik:
"Yəni İran Ermənistanla arasında olan sərhədinin Zəngəzur dəhlizi vasitəsilə nəzarətə alınmasına qarşı çıxır. Beləliklə də rəsmi Tehran İrəvana təzyiq göstərərək kolidorun açılmamasını tələb edir. Əlbəttə ki, cənab Prezidentin həm Qoşulmama Hərəkatının iclasında verdiyi, həm də əvvəlki sərt açıqlamaları bizə Zəngəzur dəhlizinin Azərbaycan tərəfində olan yollarının artıq inşa edildiyini ifadə edir. Ümumiyyətlə bundan sonra bizim üçün geri dönüş yoxdur. Yəni üçtərəfli müqavilə imzalanıb və bunu Rusiya da dəstəkləyir. Nəticədə də belə qənaətə gələ bilərik ki, Zəngəzur dəhlizinin açılma ehtimalı daha çoxdur".