“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - nazir vurğulayıb.
Açıqlamanı "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan söyləyib ki, İran Xarici İşlər nazirinin Bakıda verdiyi açıqlamalar iki ölkə arasındakı münasibətlərin normallaşması üçün kifayət deyil:
"Çünki nazir hadisənin terror hücumu olduğunu etiraf etmir və Azərbaycan diplomatik missiyasının İrandakı təhlükəsizliyinə təminatla bağlı açıqlama verməyib. Həmçinin o Azərbaycana qarşı fəaliyyət göstərən "Hüseyniun" qruplaşması ilə də əlaqədar danışmayıb. Bu onu deməyə əsas verir ki, İran tərəfi münasibətlərin normallaşması üçün ilk növbədə Azərbaycan tərəfinin təkliflərini həyata keçirməli və Bakının etimadını qazanmalıdır. Yalnız bundan sonra əlaqələrin bərpasından danışmaq olar"
Analitik əlavə edib ki, problemləri yaradan onsuz da İran tərəfidir və bunun həlli ilə məşğul olmalıdırlar:
“Azərbaycan tərəfi təklifləri verib və Cənub qonşumuzdan əməli addımlar gözləyir. Abdullahiyanın çıxışı isə rəsmi Tehranın özünü xoşməramlı göstərmək cəhdidir. Bu daha çox İranın ənənəvi ikiüzlü siyasətinin davamıdır".
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.