"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmağa hazır deyil".
Erməni KİV-İ xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, yaxın vaxtlarda Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün planlaşdırıldığını da bildirib:
"Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda əldə olunan irəliləyiş daha əsaslı hala gətiriləcək. Bütün məsələlər diplomatiya yolu ilə həll edilməlidir” deyə Paşinyan söyləyib.
Paşınyanın açıqlamasını "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, sülh müqaviləsi üçün vaxt hələ yetişməyib:
"Mən düşünürəm ki, müqavilə üçün vaxt 2025-ci ildə çatacaq. Yəni Rusiya sülhməramlılarının Qarabağdan gedib-getməyəcəyinin müzakirəsindən sonra, bu məsləyə ciddiliklə toxunulacaq. Ümumiyyətlə isə Azərbaycan tərəfi müqavilə üçün tələsməməlidir. Çünki bu daha çox Ermənistana lazımdır. Azərbaycan onsuz da torpaqlarının əksəriyyətini azad edib və inkişafdadır. Əgər indi Ermənistan sülh istəyirsə gəlin imzalayaq, yox istəmirsə biz 30 il belə yaşamışıq bir az da səbr edərik. Ancaq onsuz da gec-tez məsələsi var və ermənilər bunu yaxşı başa düşür. Digər tərəfdən halva halva deməklə də ağız şirin olmur. Yəni danışıqlar getməlidir, ancaq Ermənistanın "Qarabağda beynəlxalq nümayəndələr olmalıdır" şərti qəbuledilməzdir".