Qırmızı Körpü yaxınlığında yeni kilsənin tikilməsi və təməlqoyma mərasimində yerli hökumət nümayəndələrinin iştirakı, yerli müxalifət və ictimai fəallar tərəfindən birmənalı qarşılanmayıb.
24News.ge xəbər portalına müsahibə verən ictimai fəal Samirə Bayramova və "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının rəhbəri Əhməd İmamquliyev yerli hökuməti ciddi tənqid edərək, dini məsələlərdə ikili standartlaya yol verdiklərini qeyd ediblər.
S. Bayramova bildirib ki, ümumilikdə Yeparxiyanın Marneuli barədə yanlış düşüncələri mövcuddur. Onun fikirincə, Yeparxiya burada sanki xristianlaşdırma işləri aparmaq üzərində çalışır.
Ə. İmamquliyev isə bu ərazilərdə kilsənin tikilməsində həmin ərazilərdəki boş torpaq sahələrinin kilsənin balansına verilməsi məqsədi daşıdığını söyləyib.
Məsələyə münasibət bildirən Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli "Sherg.az"a deyib ki, səsləndirilən arqumentdə həqiqət var:
"Qırmızı körpünün ətrafı müsəlmanların yaşadığı ərazidir. Bir tərəfdə Azərbaycan, digər tərəfdə isə istisnasız olaraq Rustaviyə qədər türk-müsəlman kəndləridir. Marneuli büdcəsinin ayrılmasında zaman-zaman çıxışlar olub. Hətta bilidirilib ki, müsəlmanları yaşadığı ərazilərdəki məscidlərə daha çox vəsait ayrılır. Lakin bu, çox incə məsələdir. Düzdür Gürcüstan öz ərazilərində həm məscid, həm də kilsə tikə bilər. Amma ilk növbədə məscidlərlə bağlı uzun zamandır qalan problem həllini tapmalıdır. Yəni yeni yaşayış məntəqələrində olan əhalinin ibadət etməsi üçün məscidlərin tikintisi və statusu həll edilməlidir".