“NATO-nun Vilnüs Zirvə Toplantısına az qalmış Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə gələcək və Prezident Ərdoğanla “xüsusən” görüşəcək”.
Bunu “Sherg.az”a açıqlamasında türkiyəli politoloq Abdullah Ağar deyib.
O bildirib ki, əsas müzakirə mövzusunun müharibə, taxıl keçidi və ikili münasibətlər olacağı praqnozlaşdırılır:
“Ən vacib sual odur ki, Ukraynanın axtardığı dəstək nə ola bilər? Bu ya Ukraynanın NATO-ya qəbulu ilə bağlı prosesdir(1955-ci ildə NATO-ya qəbul edildiyi kimi, Qərbi Almaniyanın Şərqi Almaniya da daxil olmaqla bütün Almaniya adından hərəkət etdiyini iddia etdiyi kimi, Ukraynanın qalan torpaqlarını əhatə edən NATO protektoratı-qismən/törəmə üzvlüyü), ya da müharibədə Ukraynaya veriləcək sistematik davamlı NATO dəstəyinə Türkiyənin töhfəsinin axtarışı. Çünki indi Ukrayna (NATO üzvlərinin qətiyyətsizliyi, tərəddüdləri və fikir ayrılıqlarına rəğmən) NATO-ya daxil olmaq üçün real vaxt cədvəli və müəyyən, daimi, fasiləsiz, effektiv çəkindirmə təmin edən NATO dəstəyi axtarır. Bu, Vilnüs Sammitinin ən kritik mövzularından biri olacaq”.
Analitikin sözlərinə, digər bir məsələ silah, texnika və nəqliyyat vasitələrinin satın alınmasıdır:
“İlk etapda 155 mm fırtına haubitsaları, SİHA-lar, zirehli maşınların alınması masaya yatırılacağını ehtimal edirəm. Həmçinin digər təchizatların da gündəm mövzusu olacağı istisna deyil”.
Qeyd edək ki, bu gün Zelenskinin Türkiyəyə işgüzar səfəri gözlənilir.
Səfər çərçivəsində Ərdoğan və Zelenski arasında təkbətək, həmçinin geniş heyətdə görüşləri gözlənilir. Müzakirələr zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq “Taxıl sazişi” və iki ölkə arasındakı münasibətlərdən danışılacaq. Bundan sonra birgə mətbuat konfransı olacaq.
“A Haber” öz mənbələrinə istinadla xəbər verib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ukraynalı həmkarı Volodimir Zelenskiylə danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.