Paşinyana məktub: Ermənistanın ekoloji cinayətləri...

“Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətləri artıq dözülməz həddə çatıb. Bu gün qonşu ölkənin dağ-mədən sənayesi bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün ekoloji təhdid halına gəlib".

Bunu "Sherg.az"a açıqlamasında “Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli  Azərbaycan vətəndaş cəmiyyətlərinin Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə Baş nazir Nikol Paşinyana ünvanladığı məktubdan danışarkən deyib.

O vurğulayıb ki, Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, QHT-lər dəfələrlə beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər ünvanlayıb:

"Bu dəfə Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət etmişik. Müraciətdə bildirilir ki, Ermənistan beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozur, bu ölkənin dağ-mədən sənayesində aparılan işlər ciddi regional və qlobal ekoloji böhrana yol açır. Ən pisi budur ki, Ermənistan beynəlxalq öhdəliklərə əməl etmir. Ümumiyyətlə BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi də tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir". 

E.Cəfərli  Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə vurduğu zərərlə bağlı bir neçə faktı nəzərimizə çatdırıb:

"Ermənistanın Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı, Qafandakı dağ-mədən kombinatı xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadrat metr ərazini əhatə edən Gütqum mədən tullantısı anbarı region üçün təhlükə saçır. 
Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. İl ərzində burada orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür.

Göyçə vilayətindəki ildə təxminən 10.000 unsiya qızıl hasil edən Daşdəm Qızıl Mədəni yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür.

Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin çirkab suları yaxınlıqdakı Tona çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür. 

Dünyanın ən böyük manqan zavodlarından biri olan Qafan Manqan Zavodu manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir.

Göründüyü kimi Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı ilə Azərbaycanın əsas içməli su qaynağı olan çaylarını çirkləndirir. Bu tullantılar çayların flora və faunasını məhv edir. Bu azmış kimi çay kənarında yaşayan əhalinin sağlamlığına ciddi təhdid yaradır. Bu sənaye tullantıları həmçinin insanlarda müxtəlif mədə-bağırsaq, dəri, nevroloji və tənəffüs sistemi xəstəliklərinin, o cümlədən sağalmaz xərçəngin yaranmasına səbəb olur.  Ona görə də tələb edirik ki, Ermənistan Espo konvensiyasının tələblərinə əməl etsin".
 
Sədr əlavə edib ki, “Demokrat” kimi təqdim olunan Nikol Paşinyan hökuməti Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlərin, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmalıdır:

"Vəziyyət iddia etdikləri kimi təhlükəsiz deyilsə, qoy ekoloqları  monitorinq üçün həmin müəssisələrə buraxsınlar. Mütəxəssisələrin iştirakı ilə yerində sözügedən müəssisələrə baxış keçirilsin.