İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Brüsseldə keçirilən bu danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib.
"Sherg.az" Azərbaycandakı partiyaların Ermənistanla sülh prosesini necə dəyərləndirdiyini soruşub.
Ağ Partiya başqanı Tural Abbaslı bildirib ki, istər Amerika, istər Avropa Birliyi, istərsə də Rusiyada aparılan danışıqların əleyhinə deyil:
"Bütün müharibələrin sonu onsuz da danışıqlar və sülhdür. Ancaq bizim istəyimiz odur ki, Azərbaycanın maraqları təmin edilsin. İkinci ən vacib məsələ isə Ermənistanın ümumiyyətlə verdiyi vədlərə, atdığı imzalara nə qədər sadiq olmasıdır. Ona görə də biz AĞ Partiya olaraq Ermənistanla sülh danışıqlarının tərəfdarı deyilik. Çünki bunun hansı ölkənin təşəbbüsü ilə imzalanmasından asılı olmayaraq, onlar istənilən razılıqdan sonda imtina edəcək. Bu baxımdan rəsmi Bakı İrəvanla sülhə can atmalı deyil, əksinə onlar istəməldir. Həmçinin biz onun tərəfdarıyıq ki, Azərbaycan danışıqlar zamanı ata-baba torpaqlarımızın geri qaytarılması ilə bağlı məsələ qaldırsın. Düzdür indi Almata müqaviləsi, sərhədlərin delimitasiyası, Naxçıvana quru yolunun təmin olunması və.s məsələlər masaya yatırılıb. Ancaq biz Zəngəzurdan yol yox, dəhlizin olmasının tərəfdarıyıq. Təbii ki, dövlətin yürütdüyü danışıqları dəstəkləyirik. Çünki burada əsas dövlətin maraqlarıdır. Ancaq dediyim nüanslar da önəm kəsb edir".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə vurğulayıb ki, Ermənistan-Azərbaycan arasındakı sülh müqaviləsi Rusiya tərəfindən boykot olunur:
"Vaşinqton və Brüssel görüşlərində müsbət nəticə əldə oluna bilər, ancaq Moskva buna imkan vermir. Hətta təmaslar ərəfəsində təxribatlar törədir və Qarabağ ermənilərini ayağa qaldırır. Ona görə də mən düşünürəm Rusiya nə qədər ki, prosedən kənarda qalmayıb və Ermənistan-Azərbaycan arasındakı atəşkəs rejiminə nəzarət etmək üçün məramlı missiyası qalır, heç vaxt iki ölkə arasında sülh müqaviləsi imzalanmayacaq".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu əlavə edib ki, müharibə bitmədiyi üçün indiki məqamda sülh bağlamağı Azərbaycan tərəfi üçün uğurlu saymırlar:
"Təbii ki, hər partiyanın öz fikri var. Bunu biz deyə bilmərik. Ancaq KXCP olaraq hesab edirik ki, torpaqlar işğaldan tam azad olunmadığı və məsələlərin Azərbaycanın xeyrinə tam həll edilmədiyi üçün sülhə getmək doğru deyil".
Azad Vətən Partiyasının rəhbəri Akif Nağı qeyd etdi ki, yaxın zamanda sülh müqaviləsinin imzalanması inandırıcı görünmür:
"Düzdür Qərb buna öz şərtləri daxilində can atır, ancaq onların şərtləri içərisində Azərbaycanın maraqlarına cavab verməyən məqamlar da var. Rusiya isə tamamilə maneə törədir. Hətta Azərbaycan və Ermənistan sərhədindəki insidentlər Moskvadan idarə edilir. Çünki onlar öz himayəsi və şərtləri daxilində sülh müqaviləsinin imzalanmasını arzu edir. Bu məqsədlə isə diplomatik etiketlərdən belə kənara çıxır. Bu vəziyyətdə isə sülh müqaviləsinin imzalanması mümkün deyil".