Rusiyanı Türkiyə razı sala bilər  - Politoloq

BMT Təhlükəsizlik Şurası iyulun 21-də Rusiyanın taxıl sazişindən çıxması ilə bağlı iclas keçirəcək. Bu barədə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniyanın daimi nümayəndəliyi tviter səhifəsində məlumat yayıb. Qeyd edək ki, Qərb ölkələrinin təşəbbüsü ilə keçiriləcək iclas bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

İclası "Sherg.az"a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Ukrayna tərəfi taxıl sazişindən çıxmadığı ilə bağlı mövqe bildirib:

"Yəni rəsmi Kiyev öz taxılının Qara dənizdən göndərilməsinə davam edə bilər. Ancaq Türkiyə təhlükəsizliyi təmin etməlidir. Ümumiyyətlə taxıl sazişini, Türkiyə-Rusiya-BMT bir tərəfdə, Türkiyə-Ukrayna-BMT  isə digər tərəfdə imzalayıb. Sazişdən çıxdığı barəsində isə yalnız Rusiya tərəfi məlumat verib. Digər tərəfdən xəbərlər yayılıb ki, Avqustda planlaşdırılan Ərdoğan, Putin görüşündə məsələ müzakirə oluna və razılığa gəlinə bilər".
Analitik əlavə edib ki, bununla bağlı rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq oluna bilər:

"Ancaq düşünmürəm ki, bu, ciddi təsir göstərsin. Çünki artıq Kreml bu sınaqdan çıxıb. Yəni onlar öz taxıl bazasını tam doldurub. Ehtiyac isə digər ölkələrindir. Ona görə də Rusiya onları təhdid edir. Bu məsələdə isə Rusiyanı yalnız Türkiyə razı sala bilər".