"Həm Ermənistan, həm də Azərbaycan keçmişdə olan sərhədləri baza şəkilində əsas götürəcək"
"Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclaslarını sərhədin müxtəlif hissələrində keçirəcək”.
Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.
Delimitasiya və demarkasiyanın texniki proses olduğunu deyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a vurğulayıb ki, bu məsələ baş verən hadisələrin əsasında yaranır:
"İndi aydındır ki, sərhədin fərqli hissələrində, müxtəlif baza xəritələri əsas götürüləcək. Bu da ənənəvi prosesə uyğun olan təcrübədir. Çünki hansısa xəritələri əsas götürməklə bağlı fikirlər səslənirdi. Amma təcrübə göstərir ki, fərqli hissələrə aid, müxtəlif xəritələr əsas götürülə bilər. İndi bəyan edilən isə təsdiqlənmiş qərardır".
T.Zülfüqarovun sözlərinə görə, siyasi mövqe ondan ibarətdir ki, həm Ermənistan, həm də Azərbaycan keçmişdə olan sərhədləri baza şəkilində əsas götürmək düşüncəsindədir:
"Digər hissələrə aid isə hələlik fikir yoxdur. Çünki Ermənistan 75-ci ilin xəritəsini təklif edib. Rəsmi Bakı isə buna razılığını bildirib. Ümumiyyətlə qeyd edə bilərik ki, artıq texniki proses bu istiqamətdən başlayıb".
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryan ilə iyulun 12-də baş tutmuş dördüncü görüşü zamanı bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər.
Nəticədə görüşün Ermənistanın Tavuş bölgəsi və Azərbaycanın Qazax rayonu ərazisində keçirilməsi barədə razılıq əldə olunub.